YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Bolqarıstan əlaqələri inkişaf edir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycanla Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edib. Təbii ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib. Geniş tərkibdə keçirilən görüşdə dövlətimizin başçısı qeyd edib ki, bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır: “Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var”.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

Azərbaycanın uğurlu enerji siyasəti  Bolqarıstan üçün də faydalıdır. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihənin açılışında qonşu ölkələrin liderlərinin də iştirak etməsi Azərbaycan qazının Avropa üçün çox böyük önəmindən xəbər verir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Prezident İlham Əliyev layihənin açılış mərasimində çıxışı zamanı bildirib: “Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir”.

IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.