YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

1993-cü il oktyabr ayının 3-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. 

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilirdi. Belə bir məqamda, yəni ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyü belə Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Məhz belə bir çətin dövrdə Heydər Əliyevin Bakıya qayıdışı həyata keçdi və indi siyasi baxışlarından və dünya görüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə ulu öndərin qayıdışı baş verməsəydi və 1993-cü ilin 3 oktyabrında hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman inkişaf edən, yeniləşən və güclənən Azərbaycan dövlətindən danışa bilməzdik.

Dərin zəka sahibi olan ulu öndər böyük siyasətçi, müdrik dövlət xadimi, uzaqgörən dövlət başçısı olmaqla yanaşı, eyni zamanda, elm, maarif, mədəniyyət sahəsində də dərin biliklərə malik idi. O, xalqın tarixini gözəl bilir, milli-mədəni dəyərlərimizə böyük önəm verir və xalqın tarixində baş verən faciələri şəxsi faciəsi, uğurları isə xalqının qələbəsi kimi qəbul edən şəxsiyyət olub. 

Bugünkü müstəqil Azərbaycanın bünövrəsi, demək olar ki, məhz ümummilli liderin, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Respublikamızın Prezidenti seçildiyi gündən başlayıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim edib, Heydər Əliyevi ölkənin Prezidenti seçib. Böyük nüfuza və şöhrətə, malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoyub”.