YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yeni il bayramı - Roş ha-Şana münasibətilə təbrik edib.

Təbrikdə Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icmasının yüz illərdir sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxladığı, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşmədiyi vurğulanır. Qeyd olunur ki, əsrlər boyu ölkəmizdə mövcud olan multikultural dəyərlərin, dözümlülük prinsiplərinin və mədəni özünüifadə müxtəlifliyinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Təbrikdə daha sonra deyilir: “Təqdirəlayiq haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər”.

Roş ha-Şananın yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın yəhudi icmasına ən səmimi arzularını yetirib: “Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin”.