YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxvektorlu siyasət fonunda Qlobal və Regional siyasətin əlaqələndirilməsi perspektivləri

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Dövlətimiz Cənubi Qafqaz regionunun həm ərazisinə, həm insan və həm də iqtisadi resurslarına görə ən böyük və güclü dövlətidir. Lakin dünya təkcə bizdən ibarət deyil. Buna görə də istər regional, istərsə də qlobal siyasətimizi müəyyənləşdirərkən mütləq obyektiv reallıqları nəzərə almalı, ətrafımızda baş verən prosesləri düzgün qiymətləndirməli, gələcək perspektivlərə ancaq çəhrayi eynəkdən yox, Lüdviq fon Roxaunun təbirincə desək - realpolitik prizmadan, yəni ideoloji və mənəvi yanaşmalara aludəçilik etmədən, praktiki mülahizələr rakursundan baxmağı bacarmalıyıq.

Sirr deyil ki, dünyada geosiyasi və geoiqtisadi vəziyyət getdikcə daha da gərginləşir və belə bir halda bəzi ölkələr, xüsusilə də regionumuzda həm təmsil olunan, həm də maraqlı olan dövlətlər öz siyasətlərini bu dəyişikliklərə uyğun şəkildə formalaşdırmağa, tərəfdaş axtarışlarına çıxmağa üstünlük verirlər ki, bunun ən bariz nümunəsi kimi, Ermənistanı göstərmək olar. Bu ölkənin 44 günlük müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri hər vasitə ilə yerinə yetirməkdən yayınmağa çalışmasının, vaxt uzatmasının və ən nəhayət son təxribatlarının səbəbləri getdikcə daha çox aydınlığa çıxmağa başlayır. Belə görünür ki, xəyanəti və etibarsızlığı dövlət siyasətinə çevirmiş bu kvazi-dövlət, öz mifik xülyalarını - “bəlkə də qaytardılar” fantaziyasını reallaşdırmaq naminə 30 il ərzində oynadığı “forpost” rolunu çox asanlıqla başqa bir protejeyə, favoritə dəyişmək və bununla da regionu növbəti eskalasiya meydanına çevirmək kimi bir təhlükəli avantyura meyl etməkdən çəkinmir.

Bəs belə olan surətdə Azərbaycan hansı yolu tutmalı, hansı siyasətə üstünlük verməlidir? Zənnimcə “velosipedi yenidən ixtira etməyə” heç bir ehtiyac yoxdur. İllər uzunu ziq-zaqvari, sistemsiz və perspektivsiz siyasət yürüdən və bu siyasətin də ağır nəticələrini həzm etmək məcburiyyətində qalan belə dövlətlərdən fərqli olaraq Azərbaycan, öz xarici siyasətinin dünya ölkələri ilə münasibətləri bərabərhüquqlu tərəfdaş kimi tənzimləyən çoxvektorlu platformaya malik olduğunu elan edib və bu siyasətə sadiqliyini daima nümayiş etdirir. Azərbaycan, istər post-sovet ölkələri, istər NATO ölkələri, istərsə də Qoşulmama Hərəkatına üzv dövlətlərlə əlaqələri sabit şəkildə qorumağa və inkişaf etdirməyə üstünlük verir. Məhz belə bir xarici siyasətin nəticəsi olaraq ölkəmiz böyük etimad qazanıb və hansı bloka, birliyə və ya ittifaqa mənsub olmasından asılı olmayaraq, dünya dövlətləri ölkəmizlə əlaqələrin genişləndirilməsinə maraq göstərir. Bu mənada ölkə başçımızın Özbəkistan Prezidenti Ş.Mirziyoyev tərəfindən sentyabrın 16-da Səmərqənddə keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı”na üzv ölkələrin Sammitinə dəvət edilməsi də istisna deyil.

Hər şeydən öncə qeyd etməliyik ki, əsası 2001-ci ildə Çinin Şanxay şəhərində qoyulmuş və Avrasiya materikinin 60%-ni, planet əhalisinin isə təxminən yarısını - 3,4 milyard əhalini, o cümlədən ÜDM görə dünyanın ikinci (Çin) və üçüncü (Hindistan) iqtisadiyyatlarını özündə birləşdirən bu təşkilat, heç də hərbi blok deyil. Təşkilatın əsas məqsədləri iştirakçı dövlətləri birləşdirən geniş ərazidə sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, qarşılıqlı etimad və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi, iqtisadi və ticari əməkdaşlığın inkişafı, qarşılıqlı elmi, texnoloji və mədəni əlaqənin təmin edilməsi, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, enerji tərəfdaşlığı, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Regional təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıqda maraqlı olan, habelə həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində önəmli mövqeyə malik dövlət kimi Azərbaycan, həyata keçirməkdə olduğu qlobal nəqliyyat layihələrinin funksionallığını təmin etmək, bu böyük iqtisadi məkanın imkanlarından maksimum istifadəni təmin etmək üçün, bu təşkilata üzv ölkələrlə də siyasi və iqtisadi münasibətləri qoruyan və inkişaf etdirən kursu təqib etməkdə maraqlıdır. Azərbaycanın xarici siyasət prinsipləri, heç bir halda, heç bir dövlətə və ya dövlətlər qrupuna qarşı qurulan koalisiyalara qoşulmadan, dünya dövlətləri ilə xoş münasibətlər, konstruktiv əməkdaşlıq qurmaqdan və müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq etməkdən ibarətdir. Bu, həm bizim milli maraqlarımıza, həm də tərəfdaş ölkələrin maraqlarına uyğun siyasət olduğu üçün həmişə təqdirlə qarşılanıb.

Azərbaycan Prezidentinin Təşkilatın Sammitində, əsasən bu mövzular üzərində qurulmuş çıxışı, ölkəmizin tranzit yüklərin daşınmasında artan çəkisini konkret rəqəmlərlə ifadə etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə töhfənin, ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olan və bu rəqəmi 25 milyon tona qədər artıra bilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından, 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasından, bütün növ gəmilər istehsal edə bilən Bakı gəmiqayırma zavodundan, son 20 ildə çəkilmiş, tikilmiş və ya əsaslı təmir edilmiş 19 min kilometr avtomobil yolundan, 1400 kilometr dəmir yolundan, işğaldan azad edilmiş ərazilərdə çəkilməkdə olan minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolundan, 18 mülki yük təyyarəsi ilə regionun ən böyük mülki hava yük donanmalarından birinin yaradılmasından, sayı hazırda 7 olan, lakin 2024-cü ildən etibarən 9-a çatacaq beynəlxalq hava limanlarından ibarət olduğunu sammit iştirakçılarının diqqətinə çatdırmış, Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarının daha da artıracağını qeyd etmiş, lakin Azərbaycanın sülh təşəbbüslərinin, regional problemləri beynəlxalq hüququn prinsiplərinə və ədalətə uyğun şəkildə həll etmək çağırışlarının adekvat reaksiya əvəzinə, qarşı tərəfdən çeşidli hərbi təxribatlar, avantyuralarla qarşılanmasının iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbə olmaqla yanaşı, qlobal təhlükəsizliyə də təhdid olduğunu dilə gətirmiş, buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü xatırlatmışdır.

Ölkəmizin usanmadan, yorulmadan və israrla sülh çağırışlarına üstünlük verməsi, heç kəsdən çəkindiyimizin yox, ancaq fəaliyyətimizi beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə uyğun olaraq həyata keçirmək istəyimizin, regionu sülhün, əmin-amanlığın və rifahın əhatə etdiyi bir coğrafiya kimi görmək istəyinin təzahürüdür.