YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin doğum günü Parisdə qeyd olunub

Mayın 6-da Parisdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycanın süverenliyinin qorunub saxlanılmasında və ölkədə sabitliyin bərqərar olmasında müdrik rəhbər, dərin zəka sahibi Heydər Əliyevin müstəsna xidmətləri diqqətə çatdırılıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi, ölkədə xaos və hərc-mərcliyin hökm sürdüyü çətin bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi və istəyi ilə yenidən hakimiyyətə qayıtmasını xatırladıb.

Diplomat məhz uzaqgörən siyasətçi və təcrübəli dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə atəşkəs barədə razılıq əldə edildiyini qeyd edib. Bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildikdən sonra zəngin enerji ehtiyatlarından istifadənin müstəqilliyin təminatında xüsusi rolunu qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyevin ciddi səyi nəticəsində 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi imzalanıb.

Gənc Azərbaycan dövlətinin gücləndirilməsi istiqamətində Heydər Əliyevin gördüyü misilsiz işlərə toxunan səfir Ümummilli Liderin xarici siyasətinin mehriban qonşuluğa və sülhə əsaslandığını deyib. Bildirilib ki, məhz bu siyasət nəticəsində Azərbaycan bir çox Avropa təsisatlarına inteqrasiya edib. 1996-cı ildə Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlığa dair razılıq sənədinin imzalanması, o cümlədən Azərbaycanın 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına tam hüquqlu üzv seçilməsi, BMT, NATO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi bunun əyani sübutudur.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin daxili və xarici siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdıran Elçin Əmibəyov son illərdə ölkəmizin iqtisadi qüdrətinin yüksəldiyini və möhkəmləndiyini xüsusi qeyd edib. Vurğulanıb ki, xatirəsi xalqımız tərəfindən daim əziz tutulan Heydər Əliyevin qoyub getdiyi zəngin siyasi irs və təcrübə Azərbaycan dövlətinin daha da möhkəmlənəcəyinə, ermənilər tərəfindən işğal edilən torpaqlarımızın tezliklə azad olunacağına böyük inam yaradır.

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxışında Heydər Əliyevi tarixi bir şəxsiyyət kimi dəyərləndirib, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında onun müstəsna rolunu diqqətə çatdırıb. O, yüksək mənəvi dəyərlərə malik olan Azərbaycanda musiqi sahəsində də parlaq və istedadlı gənclərin yetişdiyini bildirib və tədbir iştirakçılarını ölkəmizə dəvət edib.

Sonda Azərbaycanın Xalq Artisti Murad Hüseynov (piano), David Geron, Andriy Ostapçuk, Valentina Prişlyak (skripka) və Greg Tuske (vilonçel) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.

 

DİGƏR Xəbərlər Arxiv