YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində keçirilən beynəlxalq konqresdə “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Berlində keçirilən XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda beynəlxalq konqresdə iştirak edir.

Agentlikdən bildiriblər ki, konqresin keçirilməsində məqsəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi sahəsində mövcud imkanların beynəlxalq miqyasda araşdırılmasıdır.

Tədbir çərçivəsində keçirilən beynəlxalq sərgidə Dövlət Agentliyi “ASAN xidmət”in fəaliyyətinə və nailiyyətlərinə həsr edilən stend ilə təmsil olunur.

Beynəlxalq konqresdə Dövlət Agentliyinin nümayəndə heyəti ilə yanaşı, Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn və digər ölkələrin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin və işgüzar dairələrin 300-dən çox nümayəndəsi iştirak edir.

İnam Kərimov konqresin ilk günündə çıxış edərək tədbirin əsas mövzularından biri olan “Dövlət xidmətlərinin göstərilməsində ən son innovativ modellər: Azərbaycan nümunəsi – “ASAN xidmət” adlı təqdimatı diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs edib.

Təqdimatdan sonra “ASAN xidmət” barədə hazırlanmış videomaterial nümayiş olunub.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimovun Almaniyanın “Behörden Spiegel” qəzetinin baş redaktoru Üve Proll və Berlin Senatının (hökumətinin) daxili işlər və idman məsələləri üzrə dövlət katibi Andres Statzkovski ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə “ASAN xidmət” barədə ətraflı məlumat verilib və ikitərəfli əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Qarşı tərəfin nümayəndələri “ASAN xidmət”lə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Konqresdə və ikitərəfli görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı da iştirak ediblər.