YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Əli Kərimli kimilərin əsas fəaliyyəti xəyanət və satqınlıqdan ibarətdir

“44 günlük Vətən müharibəsi dövründə və eyni zamanda Şuşa Bəyannaməsinin imzalanması zamanı ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi müxalifət partiyaları hakimiyyətə dəstək bəyanatını imzaladılar. Bu zaman dövlətinə, xalqına xəyanətkar mövqe sərgiləyən partiyalar kənarda qaldılar.  Dövlətin işğalçılarla apardığı haqq mübarizəsində dəstək bəyanatından kənarda qalmaq isə düşmənlə işbirliyinin açıq-aydın göstəricisidir. Aydın məsələdir ki, bu qadağa əmrini onlar, xidmət göstərdikləri məlum xarici dairələrdən almışdılar. Çünki, otuz ildən çoxdur ki,  heç bir faydalı əməklə məşğul olmayan bu ünsürlər ermənipərəst dairələrdən aldıqları ianələrlə, dilənçi payları ilə maliyyələşirlər. Bu gün də öz xalqına, millətinə, Vətəninə xəyanət etməklə əl açdıqlarının tələblərini yerinə yetirirlər. Əli Kərimli və ətrafındakı kiçik marginal qrupun əsas fəaliyyəti xəyanət, dönüklük və satqınlıqdan ibarətdir.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa,  iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Həmin radikal düşərgənin əsas “oyunçular”ının son günlərdə siyasi "fəal"lığını artırması  onların xaricdən "əmr" aldıqlarını bir daha təsdiqləyir.  Ölkəmizin uğurlarını həzm edə bilməyən Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi ünsürlər ermənixislətli olduqlarını açıq-aydın göstərərək utanmadan Azərbaycanı təcavüzkar adlandırır, Ermənistanın törətdiyi təxribatları ölkəmizin adına çıxırlar. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifət, pul müqabilində Ermənistanın müdafiəsinə başlayıb. Yediyi haram loxmanın qurbanı olan bu nankorlar, Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 7-də Vladivostokda keçirilmiş 7-ci Şərqi İqtisadi Forumunda çıxışı zamanı açıq şəkildə yeni hərbi qarşıdurma iddiası səsləndirməsini  görməzdən gəlməsi siyasi korluqdur.

K.Bayramov vurğulayıb ki,  Azərbaycan Ermənistanın revanşist siyasətini dəfələrlə ən müxtəlif səviyyələrdə ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və bu cəhdlərin düşmən ölkənin özü üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib. Sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin növbəti avantürasının nəticələri bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Hesab edirəm ki, sapı özümüzdən olan xəyanətkar qruplaşmanın, xalqın, dövlətin həssas məqamında bu kimi davranış sərgiləməsinin yeganə adı  satqınlıq və xəyanətkarlıqdır.

Deputat sonda əlavə edib ki, xalqımız bu üzdəniraq ünsürləri  yaxşı tanıyır, onlara hər zaman haqq olduqları yeri göstəribdir. Heç bir qüvvə Azərbaycanı haqq yolundan çəkindirə bilməz. Təəssüf ki, Ermənistanın son təxribatı nəticəsində həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı itkisiz ötüşmədi. Vətən sevgisini öz canından artıq bilən onlarla qəhrəman əsgər və zabitimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar.  Hər zaman olduğu kimi bu gün də ölkə vətəndaşları Müəzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş bütün xəyanət və təxribatların qarşısını qətiyyətlə alacaqdır.