YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq

“Bu il diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və İtaliya arasında əlaqələr tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir. Bu əlaqələr yüksələn xətlə inkişaf edərək iqtisadi-siyasi müstəvidən strateji müttəfiqlik müstəvisinə qədəm qoyub. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda İtaliya ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Azərbaycanla İtaliya arasında sıx əlaqələrin mövcud olduğunu qeyd edən deputat bildirib ki, Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Xatırlatmaq yerinə düşər ki, İtaliya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Azərbaycanın 44 günlük haqlı savaşından sonra Azərbaycana səfər edən elə ilk Avropa nümayəndə heyətinin məhz italiyalı parlamentariləri olub. Bu gün İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə enerji, infrastruktur və digər sahələrdə həyata keçirilən işlərdə iştirak edirlər.

P.Kərimzadə diqqətə çatdırıb ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən Prezident İlham Əliyevin sentyabr ayında Romaya işgüzar səfəri çərçivəsində çox mühüm tarixi hadisələr yaşandı. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı oldu və binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Sentyabrın 2-də İlham Əliyevin əsas qonaq qismində İtaliyanın dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük maraq doğurdu.

“Prezident İlham Əliyevin Forumdakı çıxışı eyni zamanda Avropada Azərbaycanın mövcud rolu və imkanları ilə bağlı beynəlxalq ictimaiyyətə önəmli mesajlar verildi. Dövlət başçısı bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunun nə qədər mühüm əhəmiyyət təşkil etdiyini forum iştirakçılarına çatdırıb. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə yönəldərək, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb.

Forumda dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualı cavablandıran dövlət başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. Dövlət başçısı beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Forumda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident İlham Əliyev yeni geopolitik durumun real mənzərəsini, siyasi-iqtisadi münasibətlərin zəruriliyini də diqqətə çatdırıb: “Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, "yaşıl enerji" də daxildir”.

Güclü liderlərin, nüfuzlu şəxslərin müzakirə apardığı beyin mərkəzində Azərbaycanın iqtisadi qüdrətindən, həyata keçirilən mühüm qlobalmiqyaslı layihələrdən söz açılıb, ölkəmizin Avropa üçün əhəmiyyəti dəyərləndirilib.

Ümumiyyətlə, Pezident İlham Əliyev Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın beynəlxalq nüfuzunu, rolunu və qlobal layihələrinin Avropanın enerji xəritəsini dəyişdiyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirib” , - deyə P.Kərimzadə bildirib.