YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıq münasibətləri regional təhlükəsizlik kontekstində

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə İtaliya arasında əlaqələr də möhkəm təməl üzərində qurulub. Bu diplomatik münasibətlər 30 illik bir tarixi əhatə edir və bu diplomatik əlaqələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf edib. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub.

Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. 1997-ci ilin 25-28 sentyabr tarixlərində ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verib. Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan “İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat”, “İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə” iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb.

Qeyd olunan sazişlərdən başqa, Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın “Eni-Acip” şirkəti arasında “Kürdaşı” blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd də imzalanıb. İkitərəfli əməkdaşlıq haqqında imzalanan sənədlər qarşılıqlı əməkdaşlığa söykənir. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri dövlətlərarası sıx əməkdaşlıq və strateji tərəfdaşlığın daha bir təzahürüdür. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi”   mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış zamanı bildirdiyi kimi, “Bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik”.

Bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusunun enerji siyasəti olduğunu bildirən Prezident enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən, bizim enerji strategiyamızın mərhələlərə bölündüyünü bildirib. “1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq”, - deyən Prezident ölkəmizin Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildiyini vurğulayıb: “Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”.

Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. “Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır”, - deyən Prezident bunun 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastruktur olduğunu qeyd edib: “Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib”. Təkcə bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Dövlət başçısı diqqətə çatdırıb ki, bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq: “Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”.

Azərbaycan ötən il İtaliyaya 9,6 milyard dollar, bu ilin 7 ayında isə 11 milyard dollar həcmində təbii qaz ixrac edib. Prezident Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanlarının da fərqli olduğunu bildirib: “TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq”. Prezident çıxışında qarşıya qoyulan hədəfləri vurğulayıb. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. Vurğulamaq yerinə düşər ki, İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrində iştirakı dostluq münasibətlərinə əsaslanır. İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində İtalyan şirkətləri fəaldırlar. Dünya ölkələri sırasında İtaliyanın ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilməsi Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələrin olduğuna əsaslanır və münasibətlərin təməli daha da möhkəmlənir.

DİGƏR Xəbərlər Arxiv