YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənin bütövlüyü naminə…

Biləsuvar rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun və İkinci Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun doğum günləri qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, rayon polis şöbəsinin rəisi Nəsib Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları və ictimaiyyət nümayəndələri rayonun Təzəkənd kəndində Ruslan Qurbanovun, Ağalıkənd kəndində isə Tacəddin Quliyevin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Ruslanla eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Tədbir iştirakçıları şəhid Ruslan Qurbanovun ailəsinə də baş çəkiblər. Ziyarət zamanı şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları dinlənilib. Bildirilib ki, Ruslanın atası Üzeyir Qurbanov da Birinci Qarabağ müharibəsi veteranıdır.

Qeyd edək ki, Tacəddin Quliyev Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda, Ruslan Qurbanov isə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvələrinə yüksəliblər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Ruslan Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.