YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər anı unudulmaz tarix olan ömür

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri

Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu var. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı.

Xalqın ən çətin günlərində xilaskar olan bu dahi şəxsiyyət xalqı xilas etmək missiyasına məhz Naxçıvandan başlayaraq düşdüyü yeri işıqlandıran pərvanətək ağır günləri təkbaşına çiyinlərinə alıb geridə qoydu. Ölkənin gələcəyi, xalqın rifahı siyasətinin özəyini təşkil edən görkəmli dövlət xadimi çətinliklərlə Azərbaycan üçün təməl qurmağa başladı. Beləcə, Azərbaycan üçün sağlam gələcəyin əsası Heydər Əliyev tərəfindən qoyuldu. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Ümummilli Lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.

Heydər Əliyevin Azərbaycan, xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.

Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq Ulu Öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi. O dövrün tələblərinə uyğun davranmayıb bir növ çevriliş edən, haqsızlıqlara, ədalətsizliyə sinə gərərək öz ədalət prinsipini yürütməyə başlayan dahi şəxsiyyət Azərbaycan adlı ölkəyə öz gücünü,cəsarətini geri verdi. 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra Naxçıvanın üzərindəki qara buludlar dağılmağa başladı, Muxtar Respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, dönüş yarandı. Naxçıvanın Heydər Əliyev dövrü fövqaladə, heyrətamiz hadisələrlə dolu olan bir dövrdür. Heydər Əliyevin gəlişi ilə Azərbaycanın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinin şahidi olduq.

Xarici siyasətdə aparılan görüşlər, siyasi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətlərlə yanaşı, bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan məkanında böyük iqtisadi uğurlara imza atdı. Ölkənin elə bir inkişaf sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin xidməti olmasın. Hərbi, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlər və digər sahələrdə dirçəliş özünü göstərdi. Qısa müddət sonra Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkənin həm xarici, həm daxili siyasətində yüksək irəliləyişə nail oldu. Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanın dövlət dili, gerbi, bayrağı, himninin təsdiq edilməsi, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması və daha böyük uğurlu işlərə imza atılması prosesi həyata keçirildi.

Bu gün dünya arenasında qazanılan uğurlarımızın, həm hərb sahəsində, həm də diplomatiya sahəsində əldə edilməsi, məhz təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Vəsiyyəti belə xalqla, torpaqla bağlı olan bu şəxsiyyətin bizim üçün ilahinin göndərdiyi hədiyyə idi. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər tarixi zəfər idi. Bu Zəfərin əldə edilməsinin tarixi isə ulu öndər Heydər Əliyevdən başlayırdı.

Ulu Öndərin "Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" sözləri bir ömrün hesabatıdır.