YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətin və müdrikliyin təntənəsi

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri     

Bəşəri kamilləşmənin ən yüksək zirvəsinə ucalmış ümummill liderimiz Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşüb.

Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir və Ulu Öndərin adı şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik Liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə ucalıb.

Belə ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox ağır ictimai-siyasi vəziyyət hökm sürür, sosial-iqtisadi böhran hər gün daha da dərinləşirdi. Həmin illərdə blokada şəraitində yaşayan Naxçıvan taleyin ümidinə buraxılmışdı. Məhz buna görə də 1990-cı ilin iyulunda Ulu Öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı. Bu tarixi hadisə Azərbaycanın nicatının, Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu.

Keçmiş SSRİ miqyasında və Azərbaycan Respublikasında çoxcəhətli rəhbərlik fəaliyyəti ilə böyük dövlət xadimi kimi qəbul olunan, ümummillil Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə oldu və bu gün Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.

Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi nə qədər mürəkkəb bir dövrə  təsadüf etsə də, həmin illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır.  Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilib. O vaxt Naxçıvanın adı dəyişdirilmiş, Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri Muxtar Respublikanın adından çıxarılmışdı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilərək, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirmişdi.

Yeri gəlmişkən, həmin dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul olundu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də bu birliyin və həmrəyliyin rolu inkaredilməzdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal ətrafında sıx birlik tələbi ilə çağırış etdi və bununla da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.

Eyni zamanda həmin vaxt xalqını, vətənini sevən ziyalıların Heydər Əliyev işığına toplaşması ilə 1992-ci il noyabrın 21-də müasir müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirdi, cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” ifadəsi sözün əsil mənasında reallığa çevrildi. Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası bu il 30 illik yubileyini qeyd edəcək və bu tarixi yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

DİGƏR Xəbərlər Arxiv