YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlətçilik sisteminin konturlarının müəyyən olunduğu dövr

Məlahət İbrahimqızı

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Ümummilli Liderimiz, müasir dövlətimizin qurucusu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsinin ildönümü ərəfəsindəyik. Belə bir əlamətdar gündə, xalqının ən böyük xidmətkarı olmuş Azərbaycan fədaisi Heydər Əliyevin misilsiz xidmətlərini xatırlamamaq mümkün deyil. Şanlı tariximizin elə səhifələri var ki, bu səhifələrə qızıl hərflərlə yazılmış hər bir söz xalqımızın qan yaddaşına əbədi həkk olunub. Böyük fəxarət hissi ilə deməliyik ki, bu mərhələlərdən biri də tariximizin Heydər Əliyev mərhələsidir. Məhz çağdaş dövlətimizin qurucusu Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, o həm tarixi yazıb, həm də bu tarixin baş və əsas qəhrəmanı olub. Heydər Əliyev xalqımızın və milli dövlətçilik tariximizin ən həlledici məqamlarında, xalqımızın ölüm-dirimlə üzləşdiyi anlarda, hətta bir dövlət kimi dünya coğrafiyasından silinmə təhlükəsində xalqının və dövlətinin nicatı olub və xalqını ağır fəlakətlərdən qoruya bilib. Qeyd etmək lazımdır ki, xalqımızın taleyi necə keşməkeşli olubsa, Heydər Əliyevin taleyi də elə enişli-yoxuşlu olub. Bu Böyük Şəxsiyyətin alın yazısı öz xalqının taleyini yaşamaq olub. O xalqının dərdini öz dərdi hesab edib və həyatını da xalqına və dövlətinə həsr edib. Heç də təsadüfi deyil ki, XX əsrdə Azərbaycanın düşmənləri və Azərbaycanı sevməyən qüvvələr çirkli məqsədlərinə çatmaları üçün ən böyük təhlükəni Heydər Əliyev varlığında görürdülər. Bu qüvvələr Heydər Əliyevin hakimiyyətdən getməsinə nə qədər sevindilərsə, hakimiyyətə gəlişinə də o qədər kədərləndilər. Onlar hətta Heydər Əliyevin heç bir vəzifəsi olmadıqda belə ondan qorxub, çəkiniblər. Çünki düşmən harada olmasından asılı olmayaraq, Ulu Öndərin bir vətən fədaisi olduğunu anlayırdı. Məhz buna görə də Azərbaycanı sevməyən qüvvələrin arzu və xəyalları Heydər Əliyev dühası ilə puç oldu. Heydər Əliyev məfkurəsi dünən də, bu gün də, gələcəkdə də Azərbaycanın mayakıdır. Bu mənada Heydər Əliyev və onun siyasəti var olduqca, orada uğur, nailiyyət, inkişaf olacaq, Zəfər olacaq. 1969-cu ildən bu günədək keçən dövrü təhlil etsək, biz deyilənlərin bir daha şahidi olarıq. Allah-təala sanki Heydər Əliyevi bir millətin nicatı, millət atası olmaq missiyası və məsuliyyəti ilə görəvləndirdi. O, tarixi şəxsiyyətlərə məxsus xilaskarlıq missiyasını xalqına xidmət etdiyi bütün dövrlərdə uğurla həyata keçirib. Hər zaman milli maraqların təmin edilməsini əsas tutan Heydər Əliyev zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında qiymətləndirib və öz müdrik ideyalarını millətimizin strateji inkişaf konsepsiyasına çevirə bilib. Bu nadir istedadı ilə də o və onun ideyaları dünya miqyasında özünəməxsus yer tutub. Heydər Əliyevin 20 yanvar faciəsindən sonra Moskvada qorxmadan, çəkinmədən Azərbaycan nümayəndəliyinə gələrək cəllad Qorbaçova, faşist ideologiyalı Sovet rejiminə və onun qaniçən ordusuna etiraz etdikdən sonra Vətənə dönməsi onun ən böyük qayıdışıdır. Hər şey də bu qayıdışdan sonra başladı. Zülmətdən işığa doğru olan bu qayıdışın sonu onun arzuladığı və inandığı Zəfər ucalığı, Zəfər zirvəsi idi.  Xalqımızın böyük oğlu, Heydər Əliyev insanları öz ideya və baxışları ətrafında toplayaraq, zəngin təcrübəsilə idarəçilikdə misilsiz uğurlara imza atdı. Hər zaman xalqın böyük inamını qazanan Ümummilli Liderimiz cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqının həm də dərin etimadını qazanıb. Qeyd etmək lazımdır ki, Ulu Öndərin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Bu görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə Naxçıvan sakininin təkidi ilə Ali Məclisin Sədri seçilməsilə Azərbaycanın müstəqillik yollunun əsası qoyulub.

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, - deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atıb. Zəngin təcrübəyə malik dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi və onun ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsi Azərbaycan xalqının taleyində yeni üfüqlər açdı. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Böyük yaradan və Ulu Öndərin tale yazısı onu bu regiona göndərməklə Naxçıvanı işğal olunmaqdan, əhalisinin isə qaçqın və məcburi köçkün olmaq təhlükəsindən qorudu. Azərbaycan xalqının və milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan istiqlal və hürriyyətin tezliklə ölkənin siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində çox qəti addımların atılmasına gətirib çıxardı. Bununla də görkəmli dövlət xadimi Heydər Əliyev özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını xalqa bəyan etmiş oldu. Fenomenal şəxsiyyət öz zəngin təcrübəsi ilə milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini məhz Naxçıvanda qoydu. Sovet İttifaqının ən aparıcı dövlət xadimlərindən biri olan Ulu Öndərin Naxçıvana gəlişi həqiqi mənada Naxçıvanın qurtuluşu idi. Bildiyimiz kimi, XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxardı, rəsmi Moskva Ermənistanın əsassız torpaq iddialarına rəvac verdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxıldı. Yaranmış boşluqdan istifadə edən təcavüzkar Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin hədsiz ağır və gərgin olmasına baxmayaraq, Naxçıvan əhalisi bütün çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Belə bir çətin, mürəkkəb və məsuliyyətli məqamda dahi zəkaya malik Heydər Əliyevin Azərbaycana qayıdışı Böyük qayıdışın ilk pilləsi idi. Çox təəssüf ki, o dövrdə Ulu Öndər Moskvadan Bakıya gələrkən üzləşdiyi ədalətsizlik və haqsızlıq səbəbindən 1990-cı il iyulun 22-də Naxçıvana getmək məcburiyyətində qaldı. Ulu Öndər həmin ilin 30 sentyabrında həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də muxtar respublikanın Ali Məclisinə deputat seçildi. Xalqın ölkənin gələcəyinə inamını gücləndirən bu seçim onun xilaskarlıq missiyasının ilk müjdələri idi. Məhz həmin illərdə nəinki Naxçıvan, həmçinin Azərbaycan üçün də tarixi qərarlar qəbul edilirdi. 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidilə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Əslində bu sessiyanı öz gündəliyi və gündəliyə salınmış çox mühüm məsəsələrinə görə tarixi sessiya adlandırmaq olar. Belə ki, sessiyada müzakirə olunan bütün məsələ və qəbul edilən qərarlar nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə və suverenliyinə yönəlmişdi. Prezident İlham Əliyev həmin dövrdə Naxçıvan Ali Məclisinin keçirdiyi iclaslarda qəbul edilmiş qərarları nəinki Naxçıvan üçün, həm də Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edir. O, hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə Naxçıvanda belə cəsarətli qərarların qəbul edilməsini Dahi Şəxsiyyətin qətiyyəti, müdrikliyi və uzaqgörənliyi adlandırır. Məhz bu sessiyalarda Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. İlk dəfə olaraq Naxçıvanda 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aylı-ulduzlu bayrağı dövlət bayrağı kimi qəbul edildi. Bununla kifayətlənməyərək, Azərbaycan dövlətinin də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı. Hətta 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Əlbəttə atılan hər bir uzaqgörən addımlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Sovet dövrünün ən ziddiyyətli və qəddar qərarlar qəbul etdiyi həmin illərdə Ümummilli Liderimiz öz qətiyyəti, cəsarəti, xalqına və millətinə bağlılığını sanki bir daha Moskvaya bəyan edirdi. Heydər Əliyev əməli olaraq, bütün fəaliyyəti boyu xalq və dövlət maraqlarının hər şeydən üstün olduğunu bidirirdi. 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə oldu. Bu hadisə eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü və xalqının ən çətin günlərdə onun nicatına yetişməsi idi. Həmin dövrdə Naxçıvanın işğalçı Ermənistanla olan sərhədlərinə düşmən tərəfindən müxtəlif hücumlar olduğundan Ali Məclisə sədr seçildikdən cəmi dörd gün sonra, yəni 7 sentyabr 1991-ci il tarixində Heydər Əliyev ən əsas vəzifə kimi Naxçıvanın müdafiəsinin gücləndirilməsi və mövcud təhlükədən xilas etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə onun atmış olduğu ən cəsarətli addımlardan biri də Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılmasının təmin olunması oldu. Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət muxtar respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli yaxşılaşdırdı. Bir mənalı olaraq demək lazımdır ki, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası da məhz ilk dəfə Naxçıvanda qoyulub. Uzaqgörən rəhbərin Ali Məclisin Sədri olduğu dövrdə dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi öz əhəmiyyətinə görə daima aktual olacaqdır. 1991-ci il dekabr ayının 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bir daha onun nə qədər müdrik olduğunu sübut edir. O, Ali Məclisin sədri olduğu dövrdə muxtar respublikanın dağılmış iqtisadiyyatının və kənd təsərrüfatının olduğunu nəzərə alaraq, Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” tarixi qərarlar qəbul etdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı da 1992-ci ilin noyabr ayının 21-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə respublikanın müxtəlif bölgələrindən gələn 600-ə yaxın  nümayəndənin iştirakı ilə keçirilib.

Qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu müddətdə muxtar respublikanın Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrini yenidən bərpa olunaraq çox səmərəli qonşuluq, dostluq və qardaşlıq əlaqələri quruldu. Onun hər iki dövlətə məqsədyönlü səfərləri nəticəsində Naxçıvan tezliklə düşmüş olduğu böhrandan çıxa bildi. Bu əməkdaşlıq çərçivəsində xeyli strateji sənədlər imzalandı ki, bu sənədlər nəinki Naxçıvanın, sonralar bütövlükdə Azərbaycan üçün böyük siyasi, iqtisadi əhəmiyyətə malik oldu. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması məhz imzalanmış bu strateji sənədlərin təzahürü idi. Beləliklə əminliklə qeyd etmək lazımdır ki, Naxçıvanı ağır blokada vəziyyətindən inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub.

Bu yol həm də şərəfli ömür yolu keçmiş görkəmli dövlət xadimi, unudulmaz liderimiz Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövr müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturlarını və gələcək inkişafının istiqamətlərini müəyyən etdi.

DİGƏR Xəbərlər Arxiv