YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri

“Ümummilli Liderimiz Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqına həsr edib. Böyük dövlət xadiminin möhtəşəm xidmətləri dövlətimizin və xalqımızın inkişaf və tərəqqisində müstəsna rol oynayıb. Bu baxımdan, 1990-cı illərin əvvəlində Ulu Öndərimizin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti də xüsusi vurğulanmalıdır”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.

1990-cı illərin əvəlində respublikamızda böhranın hökm sürdüyünü deyən deputatın sözlərinə görə, həmin dövrdə Naxçıvan Muxtar Respublikası işğalçı Ermənistan tərəfindən blokadaya alınmışdı. Bu da Muxtar Respublikanın əhalisinin sosial vəziyyətini olduqca çətinləşdirmiş, ictimai, sosial-iqtisadi həyatı acınacaqlı vəziyyətə salmışdı. Belə bir şəraitdə Naxçıvanın çoxminli əhalisinin təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu tarixi hadisə nəticəsində Muxtar Respublikanın taleyində əhəmiyyətli yeniliklər baş verdi. Belə ki, Ulu Öndərimizin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Müharibənin davam etdiyi, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

S.Fətəliyeva qeyd edib ki, ağır blokada şəraitində olan Naxçıvanın çətinliklərdən xilas olması üçün Heydər Əliyevin zəngin siyasi və idarəçilik təcrübəsi mühüm rol oynadı. Belə ki, Ali Məclisin Sədri Heydər Əliyev tərəfindən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Bu əlaqələr Muxtar Respublikanın əhalisinin sosial vəziyyətinə çox müsbət təsir etdi. 1992-ci ildə Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün açılması Ulu Öndərimizin böyük səy və xidmətlərinin nəticəsidir. Bütövlükdə, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Eyni zamanda, bu tarixi hadisə Azərbaycanın müstəqillik yolunun əsasını qoydu.