YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq ideologiyası milli istinad mənbəyinə çevrilib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri          

Bütün dünya tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyır. Dünyada həyat Ümummilli Lider kimi insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Ona görə də müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqın və deputatların təkidi ilə Ali Məclisin Sədri seçilməsi ilə Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Bu ağır və ikiqat məsuliyyətli işin öhdəsindən məhz Ümummilli Lider kimi güclü iradəyə və müdrik siyasətə sahib bir şəxsiyyət gələ bilərdi. Çünki Ümummilli Lider harada olmasından asılı olmayaraq həmişə lider olub. Bu, həm orta məktəb illərində, həm tələbəlik vaxtlarında, həm də ən müxtəlif vəzifə daşıdığı dönəmlərdə də onun xarakterinin ən vacib və ayrılmaz keyfiyyəti kimi özünü büruzə verib.

Tarixi faktlardan çıxış edərək deyə bilərik ki, Heydər Əliyevin 40 il qədər geniş bir dövrü əhatə edən müdrik siyasi fəaliyyəti dövründə doğma Azərbaycana xidmət edib. Ümummilli lider Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib. Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən  ulu öndər Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.

Azərbaycan xalqı Heydər Əliyev dühası ilə fəxr edir və daim fəxr edəcəkdir. Çünki ulu öndər Heydər Əliyev öz xalqı və müstəqil dövlətimiz üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır.

Ümummilli Liderin xalqına ən böyük xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Bəli, bu gün Ümummilli Liderin başladığı və uğurla həyata keçirdiyi siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev uğurla reallaşdırır. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 19 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib.

Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır.