YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın təməllərinin atıldığı gün

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Azərbaycanın dövlət müstəqilliyi taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətləndi, həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət quruculuğu prosesinə start verildi. 3 sentyabr, əslində, həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutub. Yurdumuzun fəlakətə sürükləndiyi bir vaxtda səsini yüksəldən, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran ümummilli lider Heydər Əliyevin Vətənə dönüşü asan olmadı. Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə Naxçıvana getdi. Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Xalq da öz böyük xilaskarını sonsuz məhəbbət və ehtiramla qarşıladı. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi xalqın əsl nicatına çevrildi. 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə xalqın böyük dəstəyi ilə Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçilən dahi şəxsiyyət bütün qüvvə və bacarığını xalqın üzləşdiyi problemlərin həllinə yönəltdi. Bu, görkəmli siyasətçi Heydər Əliyevin xalqın iradəsi ilə böyük siyasətə qayıdışı üçün başlanğıc oldu. O dövrdə həyata keçirilmiş qərarlar həm Naxçıvan Muxtar Respublikasının taleyində, həm də bütövlükdə, Azərbaycanın gələcək inkişafı üçün böyük tarixi hadisələrdir. Ona görə də Heydər Əliyev mərhələsinin dərsləri diqqət mərkəzinə çəkilmədən nəinki Naxçıvan Muxtar Respublikasının 90 illik inkişaf və mübarizə yolunu, ümumiyyətlə, Azərbaycanın müstəqil dövlətçilik tarixini düzgün qiymətləndirmək mümkün deyildir.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.