YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır

“1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən həlledici günlərdən biri olmuşdur. Məhz həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilmişdir. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Bu tarixi hadisədən bir il əvvəl, 1990-cı il noyabrın 17-də isə Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada müzakirə olunan məsələlər və qəbul edilən tarixi qərarlar, Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini qoymaqla ümumilikdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəqiq hesablanmışdı”. Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili öz açıqlamasında xüsusi olaraq qeyd edib ki, Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlməsi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil olub: “Müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində ilk növbədə Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Məlumdur ki, ümummilli lider Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır və misilsizdir. O cümlədən, 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində və sosial-iqtisadi durumunun bərbad olduğu bir vaxtda hakimiyyətin muxtar qurum üzərindən qurmağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nətcəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa doğru istiqamət aldı”, - deyə A.Naxçıvanlı bildirib.

Daha sonra deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri olub: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu gün müqəddəs üçrəngli bayrağımız artıq Qarabağda, Laçında, Şuşada və işğaldan azad edilmiş bütün rayon və şəhərlərimizdə dalğalanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hələ 2016-cı ilin aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək demişdi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”. Bu gün artıq sadəcə Azərbaycan xalqı deyil, bütün dünya möhtərəm dövlət başçımızın dediyi hər kəlmənin, verdiyi hər bir sözün zamanı gəlincə danılmaz reallığa çevrildiyinin şahididir”, - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.