YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın gələcək inkişafının yol xəritəsi təqdim edildi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafında, yeni prioritetlərin müəyyənləşdirilməsində əsas amildir. Hər bir səfər yeni səhifə kimi dəyərləndirilir. Bu baxımdan avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması kimi xarakterizə olunur. Prezidentlərin iştirakı ilə yanaşı, müvafiq qurumlar arasında ümumilikdə imzalanan 20-dən artıq sənəd münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaradır. Bir mühüm məqamı da nəzərə alaq ki, Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam oldu.  30 illik yolu təhlil etdikdə bu reallıq bir daha təsdiqlənir ki, ortaq tarixə və köklərə malik olan Azərbaycan və Qazaxıstanın əlaqələri daim strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Qazaxıstan Prezidentinin  bu səfəri zamanı ölkə Prezidenti İlham Əliyevlə imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” və  “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaratmaqla yanaşı, bu münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqliyə keçdiyini təsdiqləyir.  Bu mühüm addımların davamı olaraq dövlət başçısı İlham Əliyevə qazaxıstanlı həmkarı tərəfindən Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni təqdim edildi.  Bu ali mükafat xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Qazaxıstan Prezidenti həmin təqdimatda “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim” söyləməklə cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun, siyasi çəkisinin  yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Azərbaycanın  dünyaya birlik, həmrəylik çağırşları və bunu real addımları ilə təsdiqləməsi hər zaman təqdir olunur. Həmçinin ölkəmizin türk dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqət çəkir. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan ümumilikdə bütün məsələlərin bu prinsiplər əsasında həll edilməsinə səy göstərir.

İstər ikitərəfli münasibətlərə, istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür.  Qazaxıstan hər zaman ölkəmizin haqq işini dəstəkləyib. Postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini sevinclə qarşılaması, qardaş dəstəyini göstərməyə səyləri diqqətdən kənarda qalmır. Sözügedən səfər çərçivəsində Qazaxıstanın Qarabağa hədiyyəsinin təqdim edilməsi də bunun bariz nümunəsidir. Belə ki, Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Səfərin yekununa dair mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyev diqqəti bu mühüm hadisəyə yönəldərək bildirdi ki, biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür: “Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.”

Ümumilikdə səfər iki ölkə arasında 30 illik münasibətlərin təhlilinə geniş imkanlar açaraq əldə olunan yüksək nəticələrin əsasında gələcəyə daha böyük inamla irəliləməyə stimul oldu. 2022-2026-cı illəri əhatə edən Kompleks Proqram da bunun təsdiqidir.