YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi köklərə bağlı dostluq və qardaşlıq əlaqələri

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan-Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və qazax xalqları türkdilli olmaqla yanaşı, dini və mədəni dəyərlər baxımından da bir-birinə çox yaxındırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Həmçinin öz çıxışlarında dövlətimizin başçısı bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də hər dəfə xüsusi olaraq qeyd edib.

Məhz bu baxımdan da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri 2004-cü ilin mart ayında Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ilin mayında Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Demək olar ki, məhz bu iki tarixi sənədin imzalanması ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yeni, strateji müttəfiqlik mərhələsinə keçidi üçün möhkəm zəmin yaradılıb. Bu zəmin əsasında ötən illər ərzində ölkələrimiz arasında münasibətlər həqiqətən də xeyli inkişaf edib və hazırda mövcud olan səviyyəyə çatıb. Avqustun 24-də hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Qazaxstan münasibətlərinin daha geniş hüquqi bazası yaradılıb. İmzalanmış Bəyannamə və digər sənədlər isə gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcək.

Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi səfərin yaddaqalan və qürurlu anlarından oldu. Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Qazaxıstan Prezidenti Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu il oktyabrın ortalarında Qazaxıstanda Zirvə görüşü təşkil olunacaq və bu çox mühüm forumda ölkə başçısının şəxsən iştirakını səbirsizliklə gözləyirlər.

Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. İki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq. Prezidents İlham Əliyevin öz çıxışında dediyi kimi, Azərbaycan və Qazaxıstan iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birilərini dəstəkləyirlər. Ölkələrimizin əməkdaşlıq etdikləri beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və bütün bu təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər. Birmənalı olaraq demək olar ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bu əməkdaşlıq formatı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcək.