YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq genişlənir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Bu gün həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.

Prezident İlham Əliyev həyata keçirdiyi yüksək səviyyəli xarici siyasəti ilə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olub. Azərbaycanın yeritdiyi siyasət əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır və ölkəmiz etibarlı, bərabərhüquqlu bir tərəfdaş kimi qəbul edilir.

Prezident İlham Əliyev eyni zamanda, türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycanın Orta Asiyanın türkdilli dövlətlərindən olan Qazaxıstanla əlaqələrinin bütün sahələrdə uğurla inkişafı ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.

Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu hər zaman düzgün qiymətləndirir və ölkəmizlə hərtərəfli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

24 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və bu səfər çərçivəsində müxtəlif sahələr üzrə 20-dən çox sənədin imzalanması Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına zəmin yaradır. Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannamə bu sənədlər içərisində xüsusi əhəmiyyət kəsb edir.  Bəyannamə iki ölkə arasındakı əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcək. Tərəflər iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə və qarşılıqlı tədarüklərin artırılması baxımından geniş fikir mübadiləsi aparıblar. Hər iki ölkədə çox müsbət investisiya mühitinin olması Azərbaycanda, Qazaxıstanda, eləcə də başqa ölkələrdə birgə investisiya layihələrində iştirak etməyimizə gətirib çıxaracaq.

Bu səfər Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək və iki qardaş ölkə arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.