YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dost ölkənin siyasi mövqeyinin göstəricisidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana baş tutan səfəri ölkələrimiz arasında mövcud olan əlaqələrin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilir. Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik tarixi var. Ancaq xalqlarımız qardaş, eyni soy-kökə məxsus xalq olduğu üçün ölkələrimiz arasında əlaqələrin daha qədim tarixi vardır. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Ölkələrimiz bütün məsələlərdə eyni mövqe nümayiş etdirirlər. İstər ikitərəfli münasibətlər, istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür. Bunun səbəbi isə Qazaxıstan və Azərbaycanın bir-birinə yaxın dövlətlər, ən əsası da strateji tərəfdaş və müttəfiq olmalarıdır. Qazaxıstan hər zaman ölkəmizin haqq işini dəstəkləyib və beynəlxalq aləmdə bu məsələyə öz mövqeyini göstərib. Bu gün Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı da bu siyasi mövqenin göstəricisidir. Həmçinin bu, ölkələrimizin və xalqlarımızın dostluğunun bariz təzahürüdür. Belə ki, işğaldan azad edilmiş Füzulidə tikiləcək Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi Qazaxıstanın Azərbaycana hədiyyəsi, Qarabağın yenidən qurulması işinə isə mühüm töhfəsi kimi qiymətləndirilə bilər.

Hazırda ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə xarici siyasətdə iştirak etdiyi aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir. Bu siyasət gələcəkdə də davam edəcək. Azərbaycan və Qazaxıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər iki ölkəni təmsil edən nümayəndələr hər zaman qarşılıqlı fəaliyyətdədirlər.

Həm Qazaxıstan, həm də ölkəmizin böyük nəqliyyat-logistika potensialı mövcuddur. Bu vaxta qədər hər iki ölkədə nəqliyyat-logistika sahəsinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Mövcud olan imkanlardan birgə istifadə ilə bağlı ölkələrimizin böyük planları var. Belə ki, hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə danışıqlar gedir. Müvafiq orqanlar bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər və Orta Dəhliz layihəsi həyata keçirilir. Çox böyük perspektivə malik olacaq Orta Dəhliz layihəsinin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.

Orta Dəhliz layihəsi, eləcə də imzalanmış sənədlər iqtisadi-ticari münasibətlərin inkişafına böyük təkan verəcək. Bundan əlavə, cari ilin birinci rübündə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. İki ölkə arasında gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə də ölkə başçıları tərəfindən fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. İnvestisiya sahəsində də ölkələrimizin böyük perspektivləri var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Əldə olunmuş razılaşmalara əsasən bu istiqamətdə də ölkələrimiz səylərini birləşdirəcək, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak edəcəklər.

Təbii ki, həyata keçiriləcək bütün layihələr və dərinləşdiriləcək əməkdaşlıq Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış 20-dən artıq sənəd və “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” əsasında tənzimlənəcək.

İmzalanan sənədlər və “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ikitərəfli əməkdaşlıqda yeni səhifələr açacaq.

DİGƏR Xəbərlər Arxiv