YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm çarçısı

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai, siyasi və dövlət xadimi kimi çoxillik fəaliyyəti məhsuldar nəticələrlə xalqımızın inkişafına öz töhfəsini verməkdədir. Xüsusi ilə də müharibə və postmüharibə dövründə öz xalqının sevimli qızı, igid döyüşçü qardaşlarının mərd bacısı, müharibə qurbanlarının mehriban anası, şəhid ailələri və qazilərin hamisi olduğunu bir daha bütün xalq gördü. Heydər Əliyev Fondunun rəhbəri kimi onsuz da bütün müşküllərində aztəminatlı ailələr, həssas təbəqədən olan insanlar Mehriban xanım Əliyevaya müraciət edirdilər. İndi isə Mehriban xanım Prezident İlham Əliyevlə birgə özləri bu qəbildən olan insanları müntəzəm diqqət və qayğı ilə əhatə etdilər.

Xalqa xidmət edən insanlar seçilmişlərdir. Bu deyim hər zaman öz aktuallığını qoruyur. Belə ki, insanlarla yanaşı, xalqa xidmət göstərəcək adamlar Allah tərəfindən də seçilir və sanki onlar xüsusi missiya daşıyırlar. Belə olmasaydı, onminlərin, yüzminlərin dərdini bir insan özünə dərd bilməzdi. Belə olmasaydı, müxtəlif adamların müxtəlif qəbildən olan problemlərini, sevinclərini, kədərlərini, göz yaşını, gülüşünü özününküləşdirmək mümkünsüz olardı. Allah insanlara xidmət edən şəxsiyyətlərə qeyri-adi güc, əzm, səbr qismət etmişdir. Bununla yanaşı yaradana və yaradılmışlara qarşı sonsuz sevgini bu seçilmiş insanların qəlbində yerləşdirməklə Allah sanki dünyada xeyirə şərlə mübarizəsində öz dəstəyini göstərir. Özü də belə insanlara müqəddəs missiyalarını yerinə yetirmək üçün heç bir imtiyaz, vəzifə, mövqe maraqlı və lazım deyildir. Belə insanlar ən böyük gücü öz xalqından almaqdadırlar.

Belə bir söz də var deyərlər ki, “el yüksəldəni heç kim yıxa bilməz”. Bu söz sanki Mehriban xanım Əliyevanın timsalında deyilib. Bu yazımda mən çox da uzaq tarixə getmədən Vətən Müharibəsi ərəfəsində və sonrakı bərpa prosesində Mehriban xanımın fəaliyyətinə toxunmaq istərdim. Hesab edirəm ki, gələcək nəsillər, xüsusi ilə də fəlsəfə, psixologiya, sosiologiya kimi sahələrdə elmi iş yazacaq insanlar üçün Mehriban xanımın son iki ildə həyata keçirdiyi humanizm fəaliyyəti böyük maraq sahəsi hesab oluna bilər.

Mehriban xanım Əliyeva peşakar təşkilatçı və qətiyyətli dövlət xadimi olduğunu Azərbaycanda yüksək səviyyədə həyata keçirilmiş beynəlxalq yarışların, görüşlərin, konfransların təşkili zamanı dəfələrlə nümayiş etdirmişdir. Onun dünya sülhünə və mədəni sərvətlərinə verdiyi dəstək məlumdur. İlk Avropa Oyunları, Formula-1 yarışları, beynəlxalq xarakteri görüşlərin təşkili, dünyada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində görülmüş işlər, dünya miqyasında “Xocalıya ədalət” kampaniyası, ən incə məqamlarda milli kimliyimizin, milli dəyərlərimizin, mənəvi varlığımızın dünya birliyinə çatdırılması, Azərbaycanda həyata keçirilən bütün sosial layihələr, incilərin dünya mədəniyyətinə qazandırılması, mədəniyyət və incəsənət xadimlərinin müalicəsi Mehriban xanımın gördüyü işlərin bir qismidir. O, yorulmadan öz humanist ideyalarını ölkəmizdə və dünyada yayır. Mehriban xanım Əliyeva sülhün, humanizmin və bəşəri sevginin çarçısıdır.

Dost dar gündə tanınar. Varmı elə bir çətin günümüz ki, möhtərəm Prezidentlə Mehriban xanım orda olmasın? Elə bir xəstəmiz, çətinə düşən ziyalımız, inkişaf etmək istəyən gəncimiz, zədəli idmançımız, yaralı əsgərimiz yoxdur ki, Mehriban xanım ona xeyirxah əlini uzatmasın.

İşğaldan azad olunan torpaqlarda ilk olan insanlardan biri və Prezidentdən sonra birincisi elə Mehriban xanım olmuşdur. Baxmayaraq ki, müharibədən təxminən cəmi bir ay keçmişdi və o ərazilər çox təhlükəli idilər. Lakin Mehriban xanım Şuşaya, Füzuliyə, Xudafərinə və digər ərazilərə ilk ayaq basan və o əraziləri öz şəxsi telefonu ilə, səmimi şərhləri ilə çəkib bizə göstərən insandır. Onun bölgədən verdiyi vacib ismarıclar sadə xalq kütlələrində bərpa prosesinə inam, etimad yaratmışdır. Xalq gördü ki, Prezident və onun ailəsi xalqın, dövlətin, milli maraqların ən qətiyyətli müdafiəçisidir.

Son illər əldə olunan bütün uğurlarımızda Mehriban xanım Əliyevanın da imzası vardır. Möhtərəm Prezident İlham Əliyevin iti zəkası, dərin bilgiləri, sonsuz vətən sevgisi hər birimizə örnəkdir. Cənab Prezidentin gərgin əməyinin arxasında dayanan, ona mənəvi güc verən, dayaq olan məhz Mehriban xanım Əliyevadır. Ən çətin anlarda Mehriban xanımın həm öz həyat yoldaşına, həm də xalqına necə böyük dəstək olduğunu biz əyani hiss edirik, görürük. Məhz budur Azərbaycan xalqının mənəvi övladına, anasına, bacısına - Mehiraban xanım Əliyevaya olan sevgisinin əsası.