YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş ölkə sıx əməkdaşlığa malikdir

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Prezident İlham Əliyev türkdilli dövlətlərlə dostluq və qardaşlıq əlaqələrinin qurulmasına, bu dövlətlərlə siyasi, iqtisadi müstəvidə sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına, inkişaf etdirilməsinə böyük önəm verir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının yaradılmasında və bu qurumun beynəlxalq aləmdə nüfuzunun artırılmasında böyük işlər görüb və görməkdədir.

Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli formatda da iqtisadi və siyasi əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində bir çox dövlətlərarası sənədlər imzalayıb. Yaxın vaxtlarda Prezident İlham Əliyev Özbəkistan Respublikasında səfərdə oldu və burada dost və qardaş ölkənin dövlət başçısı kimi qarşılandı, bir sıra dövlətlərarası sənədlər imzalandı. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın ən ali mükafatı “Altın kıran” - “Qızıl Qartal” ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Prezident İlham Əliyev türkdilli dövlətlər və xalqlar arasında böyük hörmət və nüfuza malikdir.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olan vaxt - 7 aprel 2000-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərdə oldu. Heydər Əliyev və Nursultan Nazarbayev arasında 7 aprel 2000-ci ildə 14 bənddən ibarət imzalanmış Birgə Bəyanatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası iştirak etdiyi bütün nüfuzlu beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və hər zaman bir-birini dəstəkləyir. Qazaxıstan Respublikasının Prezidenti Tokayevin Azərbaycana budəfəki səfərində də hər iki ölkənin siyasi və iqtisadi maraqlarını əhatə edən 20-dən çox dövlətlər və hökumətlər arası sənədlər imzalandı. İmzalanmış sənədlər arasında ən önəmlisi “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji əməkdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə” oldu. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da yaradılacaq Orta Dəhlizin tərkib hissəsi olacaq.

Bu gün Azərbaycan və Qazaxıstan parlamentləri də sıx əməkdaşlıq edir. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı bütün addımları dəstəkləyir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı humanitar sahədə də Azərbaycan və Qazaxıstan sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda Qazaxıstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Qazaxıstan dövləti hədiyyə olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi inşa edəcək. Sumqayıt şəhərinin mərkəzi küçələrindən birinə Qazax xalqının böyük oğlu Əhməd Buytursunovun adı verilib. Azərbaycanın Şuşa şəhəri ilə Qazaxıstanın Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol da imzalanıb.

Bundan sonra türkdilli iki qardaş dövlət olan Azərbaycan və Qazaxıstan əlaqələri daha da yüksələcək.