YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa və insanlığa xidmət

Azər Sūleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra müsahibələrindən birində bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb”. Mehriban xanım ən çətin zamanlarda insanların yanında oldu. “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”, deyə Birinci xanım bildirib.

Fondun şaxəli fəaliyyəti būtūn sahələrdə uģurla nəticələnib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və s. onun xeyriyyəçilik əməllərinə söykənir. “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam”, - deyən Mehriban xanım genişmiqyaslı layihələri ilə diqqəti cəlb edib. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur.

Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri  xüsusi olaraq vurğulamaq lazımdır.

Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Bütün bunlarla yanaşı, Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə də töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Heydər Əliyev Fondu daim himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərdi.

Heydər Əliyev Fondu minlərlə insanın qəlbində bir ümid çırağı yandırıb. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.

Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib.  Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.

Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirildiyindən bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik.  Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. “Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm”, - deyə Mehriban xanım Əliyeva bildirib. Onun dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılıb. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

O, Milli Məclisin deputatı olduğu illərdə də fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərdi. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Fəaliyyəti dövründə həyata keçirdiyi bu və ya digər layihələr Fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.  Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz bu və digər məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etdi. Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bü gün işğaldan azad olunan dini-mədəniyyət abidələrinin bərpasına öz töhfəsini verir.