YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın milli sərvəti

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ümummilli lider  Heydər Əliyevin  Azərbaycan dilinin  dövlət dili kimi inkişafında müstəsna  xidmətləri olub. Ulu öndər  “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” kəlamı onun Azərbaycan dilinə  sadəcə  ünsiyyət vasitəsi kimi deyil, bir xalqın milli sərvəti kimi yanaşdığının göstəricisidir.

Ümummilli lider Heydər Əliyev hələ  Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdən  başlayaraq həyata keçirdiyi milli dil siyasəti ilə Azərbaycan dilinin dövlət dili statusunu qazanması və qanunvericilikdə təsbit olunmasına  böyük imkanlar yaratdı. Məhz Ulu Öndərin  təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Əlbəttə ki, bu böyük  uğur, tarixi nailiyyət idi. Təbii ki, bu tarixi nailiyyət o zaman Ümummilli Liderin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri olmuşdur.

Ümummilli lider  Heydər Əliyev  1993-cü ildə xalqın istəyi, arzusu və təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da dil siyasəti prioritet məsələ olub. Müstəqillik dövründə imzaladığı 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı, 4 iyul 2001-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamı, 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Sərəncamılarla mükəmməl dil quruculuğu konsepsiyasının əbədi bünövrəsini qoydu.

Ulu Öndər Azərbaycan dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Bu gün Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dil siyasətini də uğurla davam etdirir. Dövlət başçımız müasir dövrdə ana dilimizə  böyük diqqətlə yanaşır. Sözsüz ki, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir.