YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərimizə nail olacağıq

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki, ölkəmiz sürətlə inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr uğurla icra edilir. 2022-ci ilin birinci yarımilinə olan nəticələrə əsasən deyə bilərik ki, bu il ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, bütövlükdə, xarici siyasətimiz çox fəal olub. Bu mənada Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi xüsusilə qeyd etmək lazımdır. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər yekdil qərarla bir il də uzadıldı. Bu, onu göstərir ki, ölkəmiz Qoşulmama Hərəkatının fəal sədri olaraq 120 ölkə arasında çox böyük nüfuz qazanmış və bizə olan inam beynəlxalq müstəvidə bu illər ərzində daha da artmışdır. Eyni zamanda bir çox beynəlxalq təşkilatlarla İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı ilə də çox fəal əməkdaşlıq əlaqələri yaradılmışdır. Hesab edirəm ki, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında enerji təhlükəsizliyi ilə bağlı imzalanan sənəd Avropa İttifaqı ilə bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.  

2022-ci ilin birinci yarımilində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, real nəticələr əldə edilməsi mümkün olmamışdır. Ermənistan Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi müsbət qiymətləndirilsə də, hələ ki, real addımlar yoxdur. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Lakin Ermənistan burada təsbit edilən məsələlərdən boyun qaçırmağa çalışır. Ən vacib məsələ isə erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz qalib ölkəyik və öz ərazi bütövlüyümüzü bərpa etmişik. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir və 10 noyabr Bəyanatını kobudcasına pozulması deməkdir. Hazırda biz Qarabağı, Zəngəzuru öz hesabımıza, heç kimdən kömək istəmədən yenidən qururuq. Şübhəsiz ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. Biz heç kimdən asılı deyilik və əminəm ki, bundan sonra da heç vaxt asılı olmayacağıq. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər əldə etmişik. İqtisadi sahə üzrə 2022-ci ilin altı ayında görülmüş işlər, şübhəsiz ki, aparılan islahatların nəticəsidir və bu onu deməyə əsas verir ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün planlarımız reallaşacaqdır.

Eyni zamanda, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir və bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Təkcə keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Ümumilikdə isə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Heç kəsin şübhəsi yoxdur ki, bütün şəhid ailələri və müharibə əlilləri yaxın gələcəkdə mənzillərlə tam təmin ediləcək. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər ən müasir dördüncü nəsil protezlərlə təmin olunublar. Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunur və olunacaqlar da.

2022-ci ilin birinci yarımilinə olan nəticələrə diqqət yetirdiyimizdə görürük ki, ölkəmiz sürətlə inkişaf edir və biz gələcək hədəflərimizə nail olacağıq.

DİGƏR Xəbərlər Arxiv