YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni uğurlar əldə olunur

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

 Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Çağdaş dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin uzadılması ölkəmizə olan etibarın və etimadın daha bir yüksək göstəricisidir.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı giriş nitqində qeyd etdiyi kimi, bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Dövlət başçısı "Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır", - deyə bildirib.

Müasir dünya düzənində ölkəmizin ədalətli və sülhpərvər mövqeyi Azərbaycanın dünyaya ənənəvi humanizm prinsiplərini nümayiş etdirir. Əlbəttə ki, Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatına Bakının ev sahibliyi etməsi beynəlxalq münasibətlər sistemində ölkəmizə qarşı yüksək imic formalaşdırıb. Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Azərbaycanın belə mövqeyə sahib olması diqqəti çəkəndir.

Dünyanın bir çox beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq edən Azərbaycan fəallığı ilə seçilmiş, təşəbbüslər irəli sürmüşdür. Müstəqil siyasət yürüdən Azərbaycan mövqeyini açıq sərgiləyərək, verilən sözə sadiqlik nümayiş etdirərək böyük nüfuza sahibdir. "Bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq" – deyə, cənab Prezident qeyd edib.

Prezident İlham Əliyev müşavirədə dünyada hökm sürən təhlükəsizlik böhranı, ölkəmizdə son 6 ayda müşahidə edilən inkişaf, beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadi və sosial islahatların dərinləşməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərə və qarşıda duran əsas vəzifələrə də diqqəti çəkib. Dövlət başçısı çıxışında Azərbaycan-Ermənistan əlaqələrinə də toxunaraq bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələrin olmadığını bildirib: "Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir". İqtisadi və kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib. "10 noyabr Bəyanatı faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb", – deyə Prezident İlham Əliyev bildirib.

Ermənistan rəhbərliyinin son zamanlar yenə də hansısa status haqqında danışmağa başladığını bildirən cənab Prezident vurğulayıb ki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Bir müddət buna əməl olunsa da son zamanlar artıq bu, adi hala çevrilib. "Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar, status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir", - deyə dövlət başçısı qeyd edib: "Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı."

Prezident İlham Əliyevin bu və digər mesajlarından Ermənistanın və onun havadarlarının nəticə çıxarmalı, ədalət və sülh bərqərar olunmalıdır. Azərbaycanın yürütdüyü xarici siyasət beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə söykənir. Prezident İlham Əliyevin müşavirədəki çıxışı və verdiyi mesajlar bir daha göstərir ki, Azərbaycan siyasi, iqtisadi gücə malik dövlətdir və beynəlxalq münasibətlərdə mühüm rola malikdir.

DİGƏR Xəbərlər Arxiv