YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan lider mövqeyə malikdir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşına çevrildiyi qurumun yüksək səviyyəli rəsmiləri də vurğulayırlar. Məlumdur ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənəddə bir sıra məqamlar xüsusilə diqqət çəkir.

Son vaxtlar Azərbaycanın və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya və Brüsselə tez-tez baş tutan səfərləri və bu səfərlər çərçivəsində müzakirələrin intensivləşməsi ikitərəfli siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ikitərəfli iqtisadi əlaqələr də uğurla inkişaf edir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələr, ilk növbədə, çoxvektorlu olması ilə diqqət çəkir. İndiyədək ölkəmizlə qurumda təmsil olunan 9 dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələr yer alıb. Rəqəmlərə istinadən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan  lider mövqeyə malikdir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəlib. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür.

Ölkəmiz Aİ üçün investisiya cəlbediciliyi baxımından da öz prioritetliyini qoruyub saxlayır. Qurum pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstanda 1.2, Ermənistanda isə cəmi 1 milyard avro həcmində sərmayə qoyuluşu həyata keçirib. Anlaşma Memorandumunun imzalanması ilə ikitərəfli əlaqələrin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini söyləmək mümkündür. Bu sənəddə diqqət çəkən mühüm məqamlardan biri enerji dialoqudur. Hazırda artan geosiyasi gərginliklər səbəbindən Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan Avropanın ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək 3500 kilometr məsafədə uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Bu kəmərlə artıq bir ildən çoxdur ki, Azərbaycana məxsus zəngin “Şahdəniz” yatağından qonşu Gürcüstana, Türkiyəyə və ayrı-ayrı Avropa ölkələrinə “mavi yanacaq” nəql olunur.  Ötən il Avropa Cənub Qaz Dəhlizi vasitəsilə  Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” alıb. 2022-ci ildə bu həcmin 10, gələn ildən isə 12 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Yaxın bir neçə il ərzində isə bu həcmin 20 milyard kubmetrə çatdırılması hədəflənib. Buna nail olmaq üçün infrastrukturun ötürücülük imkanlarının artırılmasına ehtiyac var. Avropa İttifaqının rəsmisi bildirib ki, imzalanan sənədlə qurum Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüb.

Hazırda bərpaolunan mənbələrdən elektrik enerjisinin alınması qlobal trendlərdən birinə çevrilib. Yuxarıda bəhs olunan sənəddə ikinci mühüm məqam da məhz bərpaolunan enerji ilə bağlıdır. Qeyd olunduğu kimi, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın möhkəm təməli qoyulub. Avropa İttifaqının rəsmisi belə bir möhkəm inamını ifadə edib ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

DİGƏR Xəbərlər Arxiv