YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda dayanıqlı sülhün təmin olunması zamanıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Dünya gücləri  reallıqları qəbul edərək fəaliyyətlərini bu istiqamətdə qururlar. 28 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən bəzi qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmizin nəticəsində Azərbaycanın malik olduğu imkanların, ədalətin və beynəlxalq hüququn mövcudluğunun şahidi oldular. Bu Qələbə  xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya çatdırdı. Azərbaycan dövləti 28 illik işğal dövründə ən yüksək tribunalardan Qarabağ münaqişəsinin tezliklə öz həllini tapacağını böyük əminliklə bəyan edirdi. Təbii ki, bu inama, əminliyə əsas verən amillər mövcud idi. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin Prezidentliyinin  2003-2020-ci illər  dövrü torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq illəri kimi xarakterizə olunur. Azərbaycan gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. 2020-ci il 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı.

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma bu illər ərzində funksiyasının nədən ibarət olduğunu dərk etməyən, yaxud da dərk edərək ikili standartlara əsaslanan siyasəti nəticəsində neytrallığını qorumaq imkanında olmayan ATƏT-in Minsk qrupunun olmayan fəaliyyətinə hazırda ehtiyacın olmadığı bir daha qeyd edildi: “Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır... Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.

Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində Ermənistanın 10 noyabr 2020-ci il Bəyanatından irəli gələn tələblərin yerinə yetirilməsinə laqeyd yanaşdığı diqqətdən kənarda qalmır. Dünya gücləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bidirirlər, Ermənistan isə ATƏT-in Minsk qrupuun fəaliyyətinin bərpa olunması istəyi ilə yaşayır.

Müşavirədə bir daha bu reallığa diqqət yönəldildi ki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirildi. Azərbaycan tərəfi  bunu müsbət addım kimi qiymətləndirdi.  Bu da ölkəmizin təşəbbüsü ilə baş verən  hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil. O da məlumdur ki,  Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ölkəmiz hər zaman bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olub və bunu atdığı adddımları ilə təsdiqləyir. Hazırda Azərbaycanın gördüyü işlər, atdığı addımlar 10 noyabr 2020-ci il tarixli Bəyanatın tələblərini yerinə yetirməsi istəyini  təsdiqləyir. Ermənistan isə  Bəyanatda təsbit edilən məsələlərin icrasından boyun qaçırır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu sənəd  faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb.

Azərbaycan 28 il sülh yolu ilə torpaqlarımızın azad edilməsinə səy göstərdi. Ermənistan o zaman da münaqişənin həlli prosesini uzatmaq üçün danışıqlara imitasiya naminə qatıldı, vəziyyətin bu şəkildə davam edəcəyinə özündə inam yaradırdı. Amma Azərbaycan dövləti ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edirdi. Bu gün Ermənistan Azərbaycanın hər bir bəyanatının əsasında konkret addımın dayandığının şahididir. Cənab İlham Əliyevin hər bir çıxışında Ermənistana və ona havadarlıq edən dövlətlərə postmünaqişə dövrünün reallıqları əsasında  xəbərdarlığını edir.  Bu ilin 6 ayının  yekunlarına həsr olunan müşavirə bu baxımdan da diqqətdədir. Müzəffər Ali Baş Komandan  “Əgər bu zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik” xəbərdarlığını etdi. Bu bəyanat bir daha təsdiqlədi ki, Azərbaycanın sülh təklifi uzun müddət masa üzərində olmayacaq. Artıq sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması zamanıdır.