YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı tərəfdaş

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu respublikamızın inkişafına xidmət edən nəticələrini verməkdə davam edir. Bu gün Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri və yeni dünya düzənində artan rolu məhz bu siyasətin bariz nəticələridir. Ölkəmizin sahib olduğu nəhəng enerji resursları, unikal coğrafi mövqeyi və ən əsası da etibarlı tərəfdaş imici aparıcı dünya dövlətlərini, beynəlxalq şirkətləri Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə sövq edir. 

Həmçinin bu gün ölkəmizin Avropa İttifaqı ilə əlaqələri də yüksələn dinamika ilə inkişaf edir. Hazırda bu əlaqələrin daha da şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır və artıq real razılaşmalar əldə olunub. Belə ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasındakı əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmaq istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da qeyd etmişdir ki, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Belə ki, 2006-cı ildə tərəflər arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bu isə o deməkdir ki, Azərbaycan–Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın başlatdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı tərəfindən dəstəklənib və nəticə etibarı ilə bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqını təmsil edən Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen də öz bəyanatında Azərbaycanla tərəfdaşlığın Avropa İttifaqı tərəfindən çox yüksək dəyərləndirildiyini qeyd edib. Vurğulanıb ki, qitənin şərqində cərəyan edən məlum hadisələrin fonunda Avropaya qaz təchizatı öz etibarlılığını itirib. Buna görə də Avropa İttifaqı daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəlib və bu sırada Azərbaycanın xüsusi yeri vardır. Belə bir önəmli məqam da qeyd edilib ki, Azərbaycan təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaş olub. Yeni imzalanmış Anlaşma Memorandumu isə Avropa İttifaqı ilə ölkəmizin enerji tərəfdaşlığını daha da gücləndirir.

Artıq bəyan edildiyi kimi, Memorandumun strateji əhəmiyyətini əks etdirən daha bir mühüm məqam da bərpaolunan enerji ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bu sahədə də nəhəng potensiala malikdir. Ölkə Prezidenti cənab İlham Əliyev öz bəyanatında bu məqama xüsusi toxunaraq bildirdi ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu.

DİGƏR Xəbərlər Arxiv