YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu diplomatiya Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 15-də 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə giriş nitqi ilə çıxış edən dövlət başçısı hər zaman olduğu kimi, bir çox məsələlər barədə, o cümlədən ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurları şərtləndirən əsas amillər və hazırda gedən proseslər haqda geniş danışıb. Müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha əvvəlki illərdə olduğu kimi cari ilin birinci yarısında da ölkədə sosial-iqtisadi inkişafın davam etməsini, ölkənin beynəlxalq nüfuzunun artmasını, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsini, Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəlilədiyini göstərir. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasət nəticəsində olub.

Prezident İlham Əliyev cari ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bir çox məsələlərə toxunaraq çox mühüm mesajlar verib. Məlumdur ki, hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir,  dünya bazarlarında başlıca əmtəələr üzrə qiymətlər artır. Ölkəmizdə son illərdə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək dünyanın ən dinamik inkişaf edən, dayanıqlı və sabit iqtisadiyyatlarından birinə çevrilmişdir. Son illərdə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu illər ərzində ümumi daxili məhsul xeyli artıb, yoxsulluq tamamilə azalıbdır. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyədədir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Son zamanlar əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir. Bu artımların mənbəyi isə əlbəttə ki, dövlət büdcəsidir. Həm də bu büdcə sadəcə neftin qiymətinin artması hesabına böyüməyib. Həmçinin müşavirədə qeyd olunduğu kimi, antiinflyasiya siyasəti üzrə ölkəmizdə xüsusi tədbirlər planı təsdiqlənib və icra edilir.

Müşavirədə Azərbaycan Prezidenti inkişafın yeni mərhələsinin anonsunu verdi. Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmizin qlobal mövqeləri möhkəmlənib, nüfuzu artıb, beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imicini qazanıb. İlin birinci yarısına nəzər salsaq, görərik ki, bu müddət ərzində də ölkəmizin xarici siyasəti uğurlu olub, həm beynəlxalq və regional təşkilatlarla, həm də ayrı-ayrı dövlətlərlə münasibətlərimiz genişlənməkdədir.   Prezident İlham Əliyev müşavirədə Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi məsələsinə toxundu. Məlumdur ki, Azərbaycan bu missiyanı uğurla icra edir. Müşavirədə Prezident İlham Əliyev Ermənistanın 10 noyabr 2020-ci  ildə imzalanmış Bəyannamədə üzərinə götürdüyü öhdəliklərdən yayınması hallarına da diqqət çəkdi. 44  günlük Vətən müharibəsində məhv edilmiş Ermənistan ordusunun tör-töküntüləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində qalmaqdadır. Prezidentimiz də bu barədə aydın mövqe ortaya qoydu. Qalib ölkə olan Azərbaycan, təbii ki, bununla barışa bilməz. Həmçinin Bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ hələki Ermənistan tərəfindən yubadılır, bu öhdəliyin reallaşması üçün məğlub ölkə konkret addımlar atmır. Ermənistanın rəhbərliyi tərəfindən son zamanlar səslənən status məsələsinə də dövlətimizin başçısı münasibət bildirdi. Sözsüz ki, məğlub ölkə tərəfindən statusun yenidən ortaya atılması cəhdi sadəcə gülüş doğuran məqamlardandır. Münaqişə başa çatıb, ortada nəticələr var və bu reallıqlarla barışmaq mütləqdir. Status məsələsi artıq müzakirə mövzusu deyil, yeni reallıqlar fonunda bu məsələnin ünvanı hamıya bəllidir.

Cənab Prezident qeyd etdi ki, 2022-ci ilin ilk altı ayı ərzində ölkəmizdə bütün sahələrlə yanaşı hərbi sahədə də önəmli islahatlar həyata keçirilibdir. Bu islahatlar ilk növbədə struktur xarakterli olubdur. Sərhədə yaxın ərazilərdə yeni hərbi hissələrin açılması və Azərbaycan Ordusunun yeni, ən müasir silah və texnika ilə təchiz olunması istiqamətində atılan addımlar son dərəcə önəmli və vacibdir. Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar yaradılır, hərbi təyinatlı yollar salınır, infrastruktur qurulur. Bütün bu işlərin fonunda isə əlbəttə ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğı durmadan artır. Bu gün artıq müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər müasir protezlərlə təmin olunublar. Ölkədə çox sayda reabilitasiya mərkəzləri yaradılıb və onların hər biri ən müasir texnologiyalarla təchiz edilib. Postmüharibə dövründə bir çox şəhid ailələrinə və qazilərimizə dövlət tərəfindən mənzillər verilib. Bütün bunlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz insan amilinin dayandığını bir daha təsdiq edir.

DİGƏR Xəbərlər Arxiv