YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Regionda daimi sülhün tərəfdarıyıq

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir sıra maraqlı məqamlara diqqət yetirildi. Xüsusilə də bu müddət ərzində ölkə iqtisadiyyatında yüksək artım templərinin müşahidə olunması bizi sevindirir”.

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, qlobal problemlərin və krizislərin, münaqişələrin fonunda ölkə iqtisadiyyatının inkişafı Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olub: “Prezident müşavirədə bir çox məqamlara toxundu. Xüsusilə də müharibədən 20 ay vaxt keçməsinə baxmayaraq, Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmamasının mənfi hal olduğu bildirildi. Həmçinin iyun ayına qədər həmin silahlı dəstələrin Azərbaycan ərazilərini tərk edəcəyinə dair verilən sözlərin tutulmaması, Ermənistanın prosesləri uzatması bizi narahat edir. İstənilən halda Ermənistan prosesləri çox uzada bilməyəcək”.

Naqif Həmzəyev bildirib ki, Prezidentin müşavirədə səsləndirdiyi kimi, Azərbaycan öz ordusunu daha da gücləndirməlidir: “Azərbaycan tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir, yeni müqavilələr imzalanıb, bunlar əsasında ordumuzun intervarına müasir yeni nəsil silahlar daxil ediləcək. Ordunun daha peşəkar olması üçün maddi-texniki baza gücləndiriləcək. Yeni hərbi hissələr açılır və sayın artırılması nəzərdə tutulur. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Silahlı Qüvvələri bütün sərhədboyu strateji mövqelərdə möhkəmlənib. Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərdəndir. Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə də ikili standartlardan çıxış edir”.

Naqif Həmzəyev əlavə edib ki, Ermənistan tərəfi görüşlər zamanı söz versə də, daha sonra real addımlar atmır: “Bu da istər-istəməz bizi və region dövlətlərini narahat edir. Azərbaycan tərəfi heç vaxt müharibə istəməyib və bu gün də istəmir. 44 günlük Vətən müharibəsinin də səbəbkarı məhz Ermənistanın münaqişənin sülh yolu ilə həll yolunu istəməməsi, əksinə yeni ərazilərimizin işğalı niyyətini ortaya qoyması idi. Tovuz döyüşləri də buna misaldır. Ölkə başçısı bir daha vurğuladı ki, Ermənistan tərəfi öz mövqeyini və fikirlərini açıq ortaya qoymalı, ən qısa zamanda qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərini tərk etməlidir. Əks təqdirdə, Azərbaycan yenidən “dəmir yumruğu” işə salacaq. Biz regionda uzunmüddətli və daimi sülhün bərqarar olmasının tərəfdarıyıq”.