YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etsəydi hərbi yolla torpaqlarımızın azad olunmasına ehtiyac qalmazdı

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Beynəlxalq münasibətlərin tənzimlənməsində dünyada yaranmış siyasi-hərbi qütbləşməyə qarşı olan dövlətlər tərəfindən yaradılan və dövlətlərin qarşıdurmaya cəlb olunmasını istəməyən Qoşulmama Hərəkatı bu gün işini sülh, təhlükəsizlik və inkişafa yardım istiqamətində quran, BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir edə bilən bir forum rolunu oynasa da hazırda BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. Təsisat sıralarında 120 ölkəni birləşdirir. Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Xarici siyasət kursunda beynəlxalq təşkilatlar çərçivəsində fəallıq nümayiş etdirən, belə təşkilatlarda ədalətin təmin olunması istiqamətində daim təkliflər verən, təşkilata üzv də olsa, rəhbərlik də etsə sözünü deməkdən çəkinməyən dövlətimiz və ya dövləti təmsilən möhtərəm cənab prezidentimiz bütün belə qlobal qurumlarda etibarlı tərəfdaş kimi qiymətləndirilir. Bu məqamda, BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın genişmiqyaslı fəaliyyətini qeyd etmək yerinə düşər.

Məlum olduğu kimi iyunun 30-da Heydər Əliyev Mərkəzində işinə başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı hərəkatın tarixində olduqca vacib bir məsələyə həsr olunmuşdu. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması həm parlament diplomatiyası və parlamentlərarası münasibətlərin qurulması ilə ölkələr arasında, həm də dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri qurulması sahəsində öz töhfəsini verəcəyinə əminik kəsb edir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə yanaşı Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması da Azərbaycan tərəfindən irəli sürülmüş və hərəkatın üzvləri tərəfindən dəstəklənmiş təkliflərdir.

Azərbaycanın Qoşulmama Hərəkatında aktiv fəaliyyətinin nəticəsidir ki, haqq işimiz olan 44 gün sürən Vətən müharibəsində hərəkata üzv dövlətlərin böyük dəstəyinin şahidi olduq. 2020-ci il noyabrın 10-da Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa və daha sonra azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Torpaqlarımızın işğal altında olduğu 30 ildə beynəlxalq təşkilatlar Ermənistan tərəfə sanksiyalar tətbiq etsəydi hərbi yolla torpaqlarımızın azad olunmasına ehtiyac qalmazdı. Münaqişənin həll olunması üçün yaradılmış Minsk qrupunun yeganə məqsədinin münaqişəni donduraraq torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyini yerlə yeksan etməyə Azərbaycana 44 gün bəs etdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə yerinə yetirilmədi. 28 il kağız üzərində qalan, təkcə beynəlxalq hüququn təməl prinsiplərinə deyil, həm də BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoyulmamasına görə hesab etmək olar ki, Ermənistan-Azərbaycan münaqişəsi təkcə regional deyil, həm də qlobal məsələdir. Buradan belə nəticəyə gəlmək olar ki, BMT və onun Təhlükəsizlik Şurası çərçivəsində də islahatlar aparılmalıdır.