YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Məlum olduğu kimi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər  Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təsisatıdır. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq kimi ümumbəşəri prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın müəyyən edilmiş xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğuna görə ölkəmiz 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən düşünülmüş və praqmatik xarici siyasət qısa müddət ərzində Azərbaycana Hərəkatda olduqca böyük nüfuz və etimad qazandırıb. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Diqqətəlayiq haldır ki, bu qərar Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin lehinə səs verdiyi yekdilliklə qəbul edilib. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ bundadır ki, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Elə 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir.

Azərbaycanın irəli sürdüyü növbəti mühüm təşəbbüslərdən biri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması barədə olub ki, məhz elə bu təşəbbüsün reallaşdırılması məqsədilə cari ilin 30 iyun tarixində Hərəkatın Parlament Şəbəkəsinin Bakı konfransı keçirilib. Bundan başqa Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə Gənclər Şəbəkəsinin və Nyu-Yorkda Dəstək Ofisinin yaradılması təşəbbüslərini də irəli sürüb. 

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan “Bandunq prinsipləri”nin təşviqinə hər zaman öz töhfəsini verməyə çalışır. Həqiqətən də əgər bir-birilərinin ərazi bütövlüyünü tanımaq, süverenliyinə hörmət etmək, daxili işlərinə qarışmamaq kimi prinsiplərə bütün ölkələr tərəfindən əməl edilsəydi müharibələr də olmazdı. Lakin təəssüflər olsun ki, bəzi ölkələrin hərbi-siyasi rejimləri bu prinsiplərdən çox uzaqdırlar. Azərbaycan özü də Ermənistanın hərbi-siyasi rejiminin təcavüzkar siyasəti nəticəsində 30 ilə yaxın bir müddət ərzində torpaqlarının 20%-nin işğal edildiyi bir şəraitdə yaşamalı olmuşdur. Bu müddət ərzində cərəyan edən hadisələr göstərdi ki, dünyada beynəlxalq hüquq normaları qətiyyən işləmir və kiçik ölkələr hər zaman ikili standartlara məruz qoyula bilərlər. 1992-ci ildə ATƏT-n təsis etdiyi və rəsmi olaraq vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını tapmaqdan ibarət olan Minsk qrupu əslində münaqişəni dondurmaq və xalqımızı torpaqların itirilməsi faktı ilə barışdırmaq niyyətində olanların əlində bir alətə çevrildi. Lakin dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan bu vəziyyətlə heç zaman barışmadı. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı.

Qəribədir ki, bu gün hələ də Ermənistan və bu ölkənin bəzi havadarları Minsk qrupunu yenidən hansısa səlahiyyətlərlə mükəlləf olunmasına səy göstərirlər. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Bu qurumla bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bəzi ölkələr, bu ölkələrin rəhbərliyində olan ermənipərəst qüvvələr hələ Vətən müharibəsinin gedişində Azərbaycanın haqq işini əngəlləməyə çalışırdılar. O cümlədən həmin qüvvələr BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində ölkəmizə qarşı qərarın çıxarəlmasına cəhd etmişdilər. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar və bununla da ermənipərəst qüvvələrin ölkəmizə qarşı hücumu neytrallaşdırıldı. Azərbaycan bu həmrəyliyə görə öz dostlarına hər zaman minnətdardır və ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artmasına, bütün üzv ölkələrin xalqlarının rifah yüksəlişinə öz dəyərli töhfələrini verəcək.