YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbiçilərimizin misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi ordu quruculuğu siyasətinin tərkib hissələrindən biridir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Həqiqətən son illər ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da aparılan islahatların effektivliyindən xəbər verir. Ölkə Prezidenti tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır və bütün bunlar ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin əsas istiqamətləridir.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki, mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək. 2020-ci il  sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Vətən müharibəsində əldə olunan tarixi Zəfər ölkəmizdə həyata keçirilən ordu quruculuğunda müəyyən islahatları bir zərurət olaraq ortaya qoydu. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsinin yaradılması da xüsusi əhəmiyyətli bir hadisə oldu. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.” Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı hərbi hissələrin effektivliyi Vətən müharibəsini sonlandıran Şuşanın azad edilməsi əməliyyatının gedişində özünü tam dolğunluğu ilə göstərmişdi.

Bu gün ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən biri də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işidir. Məhz bu məqsədlə Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları, o cümlədən  “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”təsis edilmişdir ki, bu da tarixi Qələbənin əbədiləşdirməsi və iştirakçılara dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz təcəssümüdür.