YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Zəngilanın timsalında işğaldan azad edilmiş bütün ərazilərimiz gülüstana çevriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı çıxışında bir çox əhəmiyyətli mövzulara toxunmuşdur. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov dövlət başçısının Azərbaycan xalqının şanlı tarixindən, Vətən müharibəsindəki zəfərimizdən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərindən, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasından bəhs edən çıxışı barədə fikirlərini bölüşmüşdür.

Vüsar İsmayılovun sözlərinə görə Azərbaycan xalqının azadlıq mübarizəsi nəhayət ki, 104 il bundan əvvəl nəticə verdi və beləlilə, Şərqdə ilk demokratik dövlət olan müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Ancaq təəssüflər olsun ki, böyük təzyiqlərə, repressiyalara baxmayaraq, çox böyük çətinliklərlə yaradılan müstəqil dövlətimizin ömrü uzun çəkmədi, cəmi iki ilə yaxın müddət ərzində yaşasa da bir çox ilklərə və uğurlara imza atdı. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bu günkü müasir və müstəqil Azərbaycanımız o zamankı xalq cümhuriyyətinin qurucularının xatirəsini daim əziz tutur və hörmətlə anır.

YAP Binəqədi rayon təşkilatının sədrinin sözlərinə görə dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Azərbaycanın qədim diyarında, tarixi torpaqlarımızda Ermənistan özünə dövlət qurdu. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu qərar xalqımıza qarşı aşıq-aşkar düşmənçilik idi. Lakin bütün tarixi faktlar sübut edir ki, həmin ərazilər əsl Azərbaycan torpaqlarıdır. Ondan sonra da müstəqilliyimizin bərpasının ilk illərində dövlətimiz və xalqımız bir çox bəlalarla üz-üzə qaldı, ciddi sınaqlarla üzləşən dövlətimiz müstyəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Ölkəni xaos bürüməyə, vətəndaş müharibəsi baş qaldırmağa başladı.

Ulu öndərin xalqımızın təkidi ilə Azərbaycana siyasi hakimiyyətyə qayıdışından sonra müstəqilliyimiz möhkəmlənməyə başladı, ölkədəki xaos və anarxiya aradan qaldırıldı, dövlətimizin və xalqımızın inkişafı, rifahı naminə uğurlu islahatlar həyata keçirilməyə başlanıldı. Bu gün artıq Azərbaycan bütün iqtisadi götəricilərinə görə inkişaf edir, ictimai-siyasi sabitliyini təmin edir, dünyadakı nüfuzunu durmadan artırır. Artıq qürurla deyə bilirik ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı dövlətimiz dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu gün Azərbaycanda bütün sahələri əhatə edən, uzunmüddətli və çoxşaxəli dövlət proqramları, regional enerji layihələri uğurla icra olunur: “Bu uğurların fonunda isə Ermənistanın acınacaqlı vəziyyəti göz önündədir və bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan iqtisadi, siyasi və hərbi sahələrdə ən geridə qalmış ölkələrdən biridir. Ermənistan işğalçı bir dövlət kimi Azərbaycanın büynəlxalq hüquqla tanınmış ərazilərini 30 ilə yaxın müddətdə zəbt edərək, orada misli görünməmiş vandalizm aktları törətmişdir. Bütün tarixi, dini və mədəni abidələrimiz yerlə- yeksan edilmiş, yaşayış məskənlərimiz vəhşicəsinə dağıdılmışdır. Azərbaycan isə bu işğalla barşmayacağını və ərazi bütövlüyün bərpa edəcəyini , bu məsələdə güzəştə getməyəcəyini dəfələrlə ən ali tribunalardan da bəyan etmişdir”.

Vüsar İsmayılovun sözlərinə görə Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. 44 günlük Vətən müharibəsi xalqımızın və ordumuzun gücünü, dünyaya nümunə olacaq Vətən, torpaq sevgisini, mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmadıq: “Ermənistanın hücumuna və sərhəd təxribatlarına cavab olaraq başlatdığımız əks-hücum əməliyyatları nəticəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə Azərbaycanın öz gücü hesabına başa gəldi. Biz Ermənistan kimi digər dövlətlərin gücünə arxalanmadıq, onların kölgəsində gizlənmədik. Xalqımızın qətiyyəti və ordumuzun qüdrəti ilə torpaqlarımızı azad etdik. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər”.

Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyən olunması, Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyətindən bəhs edən rayon təşkilatının sədri  vurğuladı ki, bu istiqamətdə konkret addımların atılması Ermənistanda revanşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Çünki sülh müqaviləsində ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, sərhədlərin müəyyən olunması, hər kəsin öz ölkəsində yaşaması və bir-birinin işinə qarışmaması, bir-birinə qarşı ərazi iddialarından əl çəkməsi prinsipləri yer alır.

Aparılan danışıqlar sülh müqaviləsinin imzalanmasına olan ümidləri artırır. Ümid edirik ki, imzalanan üçtərəfli bəyanatlar, keçirilən görüşlər tezliklə nəticələr verəcək və Ermənistan tərəfi əməli addımlar atacaq. Brüssel görüşündə dəmir yolu və avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində birgə razılaşmanın əldə olunması önəmli məsələdir.

Bu gün Ermənistanın işğalından azad etdiyimiz ərazilərimiz yenidən qurulur. “Böyük qayıdış”ın başlanğıcını götürdüyümüz Zəngilan rayonu yenidən qurulur, əvvəlki görkəminə qayıdır. Artıq burada pilot layihə kimi 200 evdən ibarət “Ağıllı kənd” salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin, eləcə də bütün sahələr üzrə xidmət sahələrinin inşa edilməsi nəzərdə tutulur. Zəngilanda böyük aqroparkın tikintisi yekunlaşıb, hava limanı tikilir, bu il istifadəyə veriləcək: “Bir sözlə, vətəndaşlarımızın öz ata-baba yurdlarına geri qayıtması üçün bütün şərait yaradılır və yaradılacaq. Vətəndaşlarımız öz evlərinə qayıdaraq, orada əbədi xoşbəxt yaşayacaqlar. Uzun illər Vətən həsrəti ilə yaşayan xalqımızın bu tarixi zəfərə şahidlik etməsi və bu xoşbəxtliyi yaşaması müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti və qətiyyəti sayəsində mümkün  olub. Əminik ki, Vətənimizin bir parçası kimi Qarabağımız günü-gündən dirçələcək, inkişaf edəcək və biz əbədi olaraq bu torpaqlarda yaşayacağıq”.