YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə bundan sonra neçə-neçə dünyamiqyaslı layihələri reallaşdıracaq

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu günkü mərhələsi ölkələrimizin şanlı birlik salnaməsinin parlaq səhifələridir.

Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri tərəfindən bu gün həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı beynəlxalq aləmdə sülh və əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir.

Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə birlik olan Azərbaycan və Türkiyə 44 günlük Vətən müharibəsi zamanı dövlətlər arasındakı münasibətlərin qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulduğunu bir daha təsdiq etdi. 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Bu isə təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi bu dəfə Rizə-Artvin Hava Limanının açılışı oldu. Qara dənizin üzərində inşa edilən nəhəng layihənin, Rize-Artvin Hava Limanının açılış mərasimində iki qardaş ölkənin liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyini nümayiş etdirdi. Dövlət rəhbərlərinin Rizə-Artvin Hava Limanının açılışını birlikdə etmələri də uğur və birliyin bariz təcəssümü oldu.

Sevincini və kədərini birlikdə bölüşən iki qardaş ölkənin rəhbərləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Mayın 14-də Rizə-Artvin Hava Limanının açılışında çıxış edən ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, hava limanının açılışı Türkiyədə gedən uğurlu prosesin təzahürüdür. Gündən-günə sürətlə inkişaf edən qardaş ölkənin qazandığı uğurların, aparılan siyasətin təməlində Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var.

Dünyanın dəniz üzərində inşa olunan sayca 5-ci hava limanının inşası bir daha təsdiq edir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın iqtisadi güclərindəndir.

Qardaş Türkiyə dövlətinin güclənməsi isə Azərbaycanın gücünün artması deməkdir. Tarixinin çətin sınaqlarından uğurla çıxan bu iki qardaş dövlət bundan sonra neçə-neçə möcüzəli, dünyamiqyaslı layihələri reallaşdıracaq, dünyada tayı-bərabəri olmayan sarsılmaz dostluq və qardaşlığı tərənnüm edəcəklər.