YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Madriddə qeyd edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən Madriddə tədbir keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, İspaniya ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənov çıxış edərək müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın bilavasitə həyatının böyük hissəsini xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu bildirib.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmışdı. Yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Xüsusi vurğulanıb ki, Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc müstəqil respublika qaçılmaz fəlakətdən qurtuldu, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olundu, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edildi, ölkə yeni inkişaf dövrünə qədəm qoydu. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ən böyük arzusu əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşada qürurla dalğalanmağa başladı. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”, - deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinə təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi həkk olunduğunu vurğulayan diplomat qeyd edib ki, xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndərin anadan olmasının 99-cu ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq.

İspaniyada yaşayan soydaşımız Əli Evsen çıxış edərək, Ümummilli Liderin ölkə iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli və davamlı inkişafa nail olunmasına xüsusi diqqət ayırdığını qeyd edib.

Tədbirin davamında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx, habelə Ulu Öndərin fəaliyyətinin mühüm tarixi anlarını əks etdirən fotokompozisiya nümayiş etdirilib, yaradılmış xüsusi guşədə dahi şəxsiyyətə həsr olunmuş kitab və bukletlərin təqdimatı keçirilib.

Film, fotosərgi və guşə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.