YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət zirvəsini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləmində tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

Bir sözlə, Ümummilli Lider, sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.

Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib.

Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır-xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin bö­yük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz qeyd edilən səbəblərdən birmənalı şəkildə demək olar ki, bütün Azərbaycanda bu günlərdə hörmətlə anılan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq!