YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün işğaldan azad olunan torpaqlarımız quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə çevrilib

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

2022-ci ilin aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan xalqına gələn ay Şuşada “Xarıbülbül” festivalının yenidən keçirlməsi müjdəsini verdi.

Bildiyimiz kimi "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə Cıdır düzündə keçirilən festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.

Şuşada füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında keçirilən "Xarıbülbül" Musiqi Festivalı əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında möhtəşəm mədəniyyət tədbirlərindən biri sayılıb.

Bəli, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər Qarabağda tarixi ənənələrimizin və mədəni tədbirlərimizin də bərpasına yol açdı. Bu gün işğaldan azad olunan torpaqlarımız quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə, paytaxtına çevrilibdir. Şuşada gerçəkləşən mədəniyyət tədbirlərinin ilk carçısı isə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin 12-13 may tarixlərində Cıdır düzündə gerçəkləşən "Xarıbülbül" Musiqi Festivalı olubdur.

30 illik fasilədən sonra Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" Musiqi Festivalının ilk günündə ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar və bu sarsılmaz birliyin heç bir düşmənin gücü, xarici müdaxiləsi ilə pozulmayacağını bir daha bəyan etdilər.

Festivalın açılışındakı çıxışında bu birlik mesajının əhəmiyyətini xüsusi vurğulayan Prezident cənab İlham Əliyev də söylədi ki, “Milli həmrəylik” Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var:

Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" Musiqi Festivalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx nümayiş olunanda xalqımız bir daha əmin oldu ki, Ali Baş Komandanın rəhbərliyi ilə düşməndən azad olunmuş torpaqlarımızın hər bir qarışının sahibləri öz əzəli və əbədi yurdlarına qayıtmışlar.

İndi Şuşada başlayan yeni həyatla birgə bu tarixi festival da əvvəlki şöhrətinə qovuşub. Bu gün Şuşanın dağlarında, düzlərində düşmənin murdar ayaq səsi deyil, ruha məlhəm kimi yayılan Azərbaycan muğamının zəngulələri, Koroğlu üverturası eşidilir.

Sevinirik ki, mədəniyyət paytaxtımız, Qarabağımızın tacı Şuşa adına, şan-şöhrətinə yaraşan tarixi günlərə qanad açıb. Bu əsrarəngiz şəhər yaradılmasının 270 illiyini qeyd edəcək və 2023-cü ildə isə ümumilikdə türk dünyasının qürur mənbəyi olan Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" kimi mədəni irsinin möhtəşəmliyini nümayiş etdirəcəkdir.

Möhtərəm Prezident cənab İlham Əliyevin böyük iftixar hissi ilə müjdəsini verdiyi, bu ilin may ayında Şuşada ikinci dəfə keçiriləcək “Xarıbülbül” festivalının iştirakçıları bir daha Qarabağın qədim qalasına, Azərbaycanın mədəniyyət paytaxtına toplaşacaq və buradan bütün dünyaya dostluq, qardaşlıq və sülh mesajını verəcəklər.