YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən gözəl bir diyara çevriləcəkdir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşında əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalçılarından torpaqlarımızı azad edib, Azərbaycanımızı qalib dövlətə çevirib. Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Mənfur işğalçılar tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasını bütün dünya gördü. Qarabağ ərazisində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, KİV və QHT nümayəndələrinin, siyasi partiya təmsilçilərinin müntəzəm səfərlərinin əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təsiri oldu. Həmin yerlərdə dağıntıların maddi və mənəvi zərərinin dəyəri nə qədər böyükdürsə, görüləcək quruculuq və abadlıq işlərinin həcmi də bir o qədər genişdir. Prezident İlham Əliyevin bu məsələyə həssaslıqla yanaşması hər bir rayonda və kənddə qayıdış proqramının icrası zamanı xüsusi diqqət tələb edir.

Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir, vətənpərvərlik nümunəsidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Tədricən dünyanın əksər ölkələrindən çoxsaylı turistlərin və qonaqların doğma Qarabağa, o cümlədən Şuşa şəhərinə gəlişi gözlənilir. Xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda aparılan bərpa işlərinin yekununda Şuşa yenidən tarixi mədəniyyət və dostluq mərkəzinə çevriləcək.

Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb.

Qarşıya qoyulan vəzifələrdən biri Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır. Bu məqsədlə Şuşada infrastrukturun, tikililərin mövcud vəziyyəti - mənzil fondu, binaların dayanıqlılığı araşdırılıb. Həmçinin şəhərdə olan tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılıb.

Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Öz sahiblərini gözləyən Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcəkdir.