YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil siyasət güclü iqtisadiyyatın bəhrəsidir

Anar Nəbiyev 

YAP Qazax rayon təşkilatının sədri

12 aprel 2022-ci il tarixdə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirlər, ortaya qoyulan real rəqəmlər bir daha sübut etdi ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il olmuş, qarşıya qoyulan bütün vəzifələr gözləniləndən də artıq səviyyədə icra edilibdir.

Bu gün Avropa və Asiyanın qovşağında, əlverişli bir coğrafi məkanda yerləşən müstəqil Azərbaycan nəinki regionda, eləcə də Avropada, dünyada heç bir ittifaqa, heç bir bloka qoşulmayan, müstəqil iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik bir ölkə kimi tanınır. Azərbaycan həmçinin, yüzlərlə ölkəyə yardımlar edən, köməklik göstərən donor bir ölkə, etibarlı tərəfdaş, BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatına sədrlik edən, sülhsevər, tolerant bir ölkədir. Məhz, bu keyfiyyətlərə görə, günü – gündən artan nüfuzu, diplomatik uğurları sayəsində Azərbaycan BMT, AŞ, ATƏT, NATO, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hörmətlə qarşılanır, səmərəli əməkdaş, etibarlı tərəfdaş kimi qəbul olunur. Bu gün Azərbaycan Avropanın ən etibarlı qaz ixracatçısına çevrilib.

Hazırda Azərbaycan möhkəm siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, dünyada ən çox islahat aparan on ölkədən biridir. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən möhtərəm Prezident İlham Əliyev tərəfindən əhalinin sosial – iqtisadi rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində də mühüm addımlar atılıbdır.

Təbii ki, bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunur. Birinci rübün yekunları da ona əsas verir ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Belə ki, bu dövr ərzində ümumi daxili məhsul 6,8 faiz, qeyri – neft iqtisadiyyatımız 10 faizdən çox, ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. Bu ilin üç ayında vergi orqanları 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplanılıb. Son üç ayda müsbət saldo 5 milyard dollardan çoxdur. Bu da onu göstərir ki, bizim ixracımız idxalı üstələyir.

Möhtərəm Prezident İlham Əliyevin “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikri bu gün mövcud Azərbaycan reallıqları sayəsində özünü anbaan doğrultmaqdadır. Ölkə iqtisadiyyatının dayanıqlı və güclü inkişafı buna böyük zəmin yaradır.

Məhz, müstəqil, güclü iqtisadiyyat nəticəsində müstəqil siyasət yürüdən Azərbaycan özü 44 günlük Vətən müharibəsində elə bir möhtəşəm uğura imza atdı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad edildi. Tarixi ədalət bərpa olundu. Şanlı Zəfər müharibəsindən sonra Azərbaycan heç kimdən, heç bir donor təşkilatlarından bir manat belə dəstək almadan öz daxili gücü, imkanları hesabına doğma Qarabağımızda böyük tikinti, bərpa, quruculuq işlərinə başladı. Tezliklə dünyanın ən nümunəvi, ən gözəl, dilbər bir bölgəsinə çevriləcək doğma Qarabağımız, Zəngəzurumuz bərpa olunacaq və inanırıq ki, Qalib xalqın Qalib vətəndaşları əbədi olaraq orada rahat, firavan, xoşbəxt yaşayacaqlar!

DİGƏR Xəbərlər Arxiv