YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan elektrik enerjisi sahəsində potensialını gücləndirir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Qlobal miqyasda baş verən bir sıra hadisələr, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti iqtisadi inkişaf  prosesində yeni çağırışlar yaradıb. Bu çağırışlardan biri də enerji istehsalı, o cümlədən bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır. Artıq qlobal iqtisadiyyatda yeni mərhələ - “yaşıl enerji” dövrü öz yerini möhkəmləndirir.

Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.

Son illərdə Azərbaycanın neft-qaz sektorundan kənar daha bir perspektivli gəlir mənbəyi formalaşmaqdadır. Söhbət ölkə üzrə elektrik enerjisi istehsalının və ixracının artmasından gedir. Bir vaxtlar Azərbaycanın elektrik enerjisi ilə təminatı arzuedilən səviyyədən çox aşağı idi. Böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına reallaşdırılan irimiqyaslı layihələr sayəsində vəziyyət dəyişib – həm daxili tələbat bütünlüklə yerli istehsal hesabına ödənilir, həm də ixrac imkanlarımız yaranıb və bu həcm getdikcə artmaqdadır. Aprelin 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində dövlətimizin başçısı bu məsələni xüsusi vurğuladı, elektrik enerjisi sahəsində qarşıda dayanan hədəfləri bəyan etdi. Azərbaycanın ənənəvi yolla elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Ölkəmiz bərpaolunan enerji sahəsindəki geniş potensialından daha səmərəli istifadə etmək niyyətindədir. Prezident İlham Əliyev müşavirədəki nitqində qarşıya qoyulan hədəflərdən bəhs edərkən demişdir: “Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən 17,3%-ni təşkil edir. Dövlətimizin Başçısının dediyi kimi, təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi, bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.

Onu da xüsusi vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində bölgənin elektrik enerjisi ilə təchizat sisteminin qurulması istiqamətində genişmiqyaslı işlər görülür.  Müşavirədə  bildirdiyi kimi, keçən il işğaldan azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Təkcə azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Cənab Prezident bu faktı  çox böyük göstərici kimi dəyərləndirir. Dövlət Başçısı işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” siyasətinin həyata keçiriləcəyini bəyan edib. Məlumdur ki, ermənilər  işğal dövründə çoxlu sayda elektrik stansiyasını dağıdıb. Artıq Azərbaycan həmin stansiyaların bərpasına başlayıb. Ötən il işğaldan azad edilmiş torpaqlarda 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. Onların  ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, digəri isə Kəlbəcər rayonundan keçən Lev çayı üzərində yaradılıb. Bu il isə daha beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Eyni zamanda,  İran İslam Respublikası ilə birlikdə Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bu stansiyaların potensialı kifayət qədər böyükdür - 240 meqavata bərabərdir. Sözügedən stansiyaların inşası tamamlandıqdan sonra istehsal olunan elektrik enerjisinin yarısı Azərbaycana çatacaq.

Bütövlükdə, bu sahədə görülən işlər gələcəkdə Azərbaycanı elektrik enerjisi ixrac edən ölkə kimi statusu daha da artıracaq. Bu istiqamətdə dövlətimiz uğurlu siyasəti qətiyyətlə davam etdirir.

DİGƏR Xəbərlər Arxiv