YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğurlu siyasəti Prezident İlham Əliyevin adı ilə bağlıdır

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Azərbaycanın dünyada artan nüfuzu Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu gün Azərbaycan özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır.  Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir.

Keçən 2021-ci ili qiymətləndirərkən Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Keçən il qarşıya qyulan əsas məqsədimiz həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olmuşdur.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşıya qoyulmuş bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 30 ilə yaxın bir müddətdə yerinə yetirilməyən BMT-nin qətnamələrini Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı güc vasitəsilə həll etdi. BMT–dən sonra ən böyük beynəlxalq təşkilat olan  Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadılmışdır. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Dünyada nüfuzlu beynəlxalq təşkilatlardan sayılan İslam Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrlə Azərbaycanın haqlı mövqeyini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin müharibədən sonra daha intensiv xarakter aldığını bildirmişdir. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Prezident İlham Əliyevin Brüssselə son səfəri zamanı imzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.

Keçirilən müşavirədə, cənab Prezidentimizin birinci rübün yekunlarını qiymətləndirərkən qeyd etdiyi hər bir məsələ bizlər üçün çox önəmlidir və ölkəmiz günü - gündən daha da güclənir hər sahədə bizim uğurlarımız artır. Postmünaqişə dövründə, ölkə iqtisadiyyatı ilə bağlı müəyyən işlər görülmüşdür. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir. Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki qələbə nəticəsində Azərbaycana çox böyük maraq var. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Vətənimizin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracat isə təxminən iki dəfə artıb. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – ölkəmizin ixracı idxalı üstələyir. Bundan əlavə Qarabağda görülən işlər, xüsusilə şəhər və kəndlərin bərpası, yeni infrastrukturların yaradılması iqtisadiyyatımızın güclənməsi fonunda öz hesabımıza əldə etdiyimiz nəaliyyətlər bir daha ölkə üzrə inkişafımızı nümayiş etdirir. Belə ki, misal olaraq Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşasına yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Prezident İlham Əliyev inşa olunacaq sosial obyektlər bağlı qeyd etmişdir ki, üç məktəbin inşası bu il başa çatmalıdır-  Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Bunlarla bağlı cənab Prezidentimiz bildirmişdir: “Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq”.

Prezidentimiz cənab İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Prezident cənab İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir. Beləliklə, görülən bütün işlər və əldə olunan nəliyyətlər Prezidentimiz cənab İlham Əliyevin balanslaşdırılmış, düşünülmüş daxili və xarici siyasətinin təzahürüdür.

DİGƏR Xəbərlər Arxiv