YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daha qüdrətli gələcəyə doğru inamla addımlayır

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Yola saldığımız son 4 il müstəqil Azərbaycanın tarixinə, ictimai-siyasi həyatına xüsusi dövr kimi daxil oldu. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqımızın etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Cənab İlham Əliyevin Vətən sevgisi, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nahayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi xalqın bu seçiminin nə dərəcədə doğru olduğunu bir daha isbatladı. 2003-ci ildən dövlət Başçısının Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin nail olduğu dinamik inkişaf kursunun uğurla davam etdirilməsi təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də rəğbətlə qarşılanıb.

Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi ilə ümumxalq sevgisi qazanan ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib, həyata keçirilən köklü islahatlar nəticəsində sosial islahatlar vətəndaş rifahı və məmnunluğuna yönələn ciddi uğurlara yol açıb. Ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasət Prezident cənab İlham Əliyevin cəsarətli, inamlı addımları ilə yeni uğurlara, nailiyyətlərə imza atıb. Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, dünyada çox az ölkə sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə müstəqil Azərbaycanla müqayisə oluna bilər.

Xalqımız son 4 ildə reallaşdırılan möhtəşəm sosial layihələri, həssas kateqoriyadan olan şəxslərə qayğıkeş münasibəti yüksək qiymətləndirir, qəbul edilən qərarların, Azərbaycanın inkişafına böyük töhfə verən addımların təqdirəlayiq olduğunu rəğbətlə qeyd edir.

Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu olduğu kimi, son 4 ildə də əhalinin sosial müdafiəsinin təşkilini və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlayıb, dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanıb. Dövlət Başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlü olub, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident cənab İlham Əliyevin siyasətinin əsasını təşkil edir. 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərmanın məhz şəhid ailələri ilə bağlı olması, həmin ailələrə növbəti ciddi dəstək tədbirinin nəzərdə tutması da bunun əyani sübutudur.

44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Zəfərdən sonra cənab İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Son 4 ildə də 1450-dək, ümumilikdə isə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır. Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb.

Ölkəmizdə uğurla həyata keçirilən sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) "bir pəncərə"dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

Azərbaycanın uğurları, xalqın xoş rifahı naminə həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Azərbaycan daha möhtəşəm, daha qüdrətli gələcəyə doğru inamla addımlayır.