YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ tezliklə Azərbaycanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Postmünaqişə dövrünün birinci ilində işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanılması, Şuşa şəhərində yerli və beynəlxalq tədbirlərin keçirilməsi ölkəmiz üçün əlamətdar hadisə olmuşdur. Azərbaycan xalqı öz gücü və iradəsi hesabına illərdir beynəlxalq qurumların həll edə bilmədiyi məsələni həll etmiş, Qarabağda zəfər qazanaraq BMT-nin icra edə bilmədiyi qətnamələrin üzərinə düşən yükü azaltmışdır. Ən böyük beynəlxalq təsisatlardan biri olan Qoşulmama Hərəkatı digər qurumlardan fərqli olaraq ədalətli və dürüst mövqe sərgiləyib, ölkəmizin haqq səsinə dəstək olmuşdur.

Azərbaycanın zəfər qazanması ilə “Dağlıq Qarabağ” ifadəsi artıq tarixə qovuşub. Postmüharibə dövründə Azərbaycan Ermənistanla ikili münasibətlərin normallaşması istiqamətində bir sıra işlər görüb. Artıq Brüssel görüşündə 5 prinsipdən ibarət verilən təklif  Ermənistan tərəfindən müsbət qarşılanıb. Son 30 il ərzində ilk dəfə Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində telefon söhbəti olub.

Ötən dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün 44 günlük müharibənin təhlili aparılmış, yeni müasir silahlar alınmış, Müdafiə Nazirliyində struktur islahatlar aparılmış və yeni qoşun növü – Komando növü yaradılmışdır. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılmasını da bu istiqamət üzrə görülən işlərə aid etmək olar.

Azərbaycanda iqtisadi göstəricilər daha yüksəkdir. Ölkəmizdə Ümumi daxii məhsul 6,8 faiz artıb, xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb, son illər neft-qaz sektorundan asılılıq azalıb və qeyri-neft sektorunun ixracatdakı payı artıb. Dünyanın bir çox ölkələrində saldo mənfi olmasına baxmayaraq Azərbaycanda cari ilin ilk rübündə xarici ticarət balansında müsbət saldo 5 milyarddan çox olub, ixrac idxalı üstələyib. Vergi orqanları bu ilin ilk 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox, gömrük orqanları isə 200 milyondan çox vergi toplayıb. Bütün bunlar ölkədə aparılan islahatlar nəticəsində baş vermiş hadisələrdir və bu nailiyyətlər Azərbaycanın daxili gücü hesabına əldə olunub.

Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri də Azərbaycanın öz daxili imkanları hesabına aparılır. Qarşıda duran əsas vəzifələrdən biri tezliklə Qarabağ və Zəngəzuru inkişaf etdirmək və vətəndaşların orada rahat və firavan yaşamasını təmin etməkdir. Artıq Ağdam və Füzulinin baş planları təsdiqlənib və baş planlar əsasında quruculuq işlərinə başlanılıb. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının da yaxın gələcəkdə hazırlanması, təsdiq edilməsi qarşıya məqsəd qoyulub.

Hazırda işğaldan azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı xüsusi işlər görülür. Artıq ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində olmaqla azad edilmiş ərazilərdə 4 Su Elektrik Stansiyası və digər 9 elektrik yarımstansiyası inşa edilmişdir. Mürəkkəb relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilmişdir.

Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının, Kəlbəcər, Laçın rayonlarında Külək elektrik stansiyalarının potensialının həddindən artıq çox olduğu üçün xarici investorların bu ərazilərə olan marağı daha da artmışdır. Bununla bağlı artıq Azərbaycan xarici şirkətlərdən çoxlu təkliflər alır. Həmçinin, bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsi planlaşdırılır. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar aparılır. Bütün bu layihələr əsasında Azərbaycanın elektrik enerjisi ixracatındakı payı ildən ilə artacaq.

İşğaldan azad edilmiş ərazilərdə hava limanları və dəmir yolları inşa edilir. Artıq Füzuli rayonunda beynəlxalq standartlara cavab verən hava limanı fəaliyyət göstərir. Bu il Zəngilanda, 2024-cü ildə isə Laçında Beynəlxalq Hava Limanının inşa edilməsi və istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin, Bərdə-Ağdam dəmir yolunun inşası davam edir və bu xəttin gələn ildən fəaliyyətə başlaması planlaşdırılır.

Qarabağda və Şərqi Zəngəzurda daha əvvəl heç olmayan yerlərdə təkcə keçən il 700 kilometrə yaxın yol çəkilib ki, bu da yüksək nəticə hesab olunur. Füzuli-Hadrut, Kəlbəcə-Laçın avtomobil yollarının və nəzərdə tutulan digər yolların çəkilməsi ilə bu rəqəmlər daha da artacaqdır. Hal-hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd, Cəbrayıl-Hadrut, Füzuli-Şuşa 4 cərgəli magistr yollarının çəkilib hazırlanması istiqamətində ciddi işlər görülür. Bu yolların istifadəyə verilməsi ilə işğaldan azad edilmiş bölgələr arasında daha rahat kommunikasiyalar yaratmaq mümkün olacaq.

Qarabağda aparılan ən mühim işlərdən biri də Şuşa şəhərinin qısa zamanda bərpa edilməsi və insanların ora köçürülməsi prosesidir. Artıq Şuşada tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi bərpa edir. “ASAN xidmət”, DOST mərkəzi və vətəndaşlara xidmət üçün digər qurumların yaradılması, poçt binasının əsaslı şəkildə təmir olunması planlaşdırılır. Şuşa şəhərində yeni teleqüllənin, xəstəxananın, yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına başlanılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Artıq bu il ilk pilot layihə olan Ağalı kəndinin açılışı olacaq, kənd sakinləri öz doğma yurdlarında yaşayacaqlar. Növbəti layihə ilə bu il Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu layihə ilə Füzulinin bir neçə kəndi birləşəcək. Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində də yenidənqurma layihələri hazırlanır, orada yerləşən şəhər və rayonların qısa bir zamanda bərpa edilməsi planlaşdırılır.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Qarabağ tezliklə Azərbaycanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək

DİGƏR Xəbərlər Arxiv