YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti diplomatik uğur: Brüssel prosesi

Emil Abasov

YAP Pirallahı rayon təşkilatının sədri

44 günlük müharibədə Azərbaycanın qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, görkəmli strateq, cənab İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz əldə edib və etibarlı tərəfdaş imici qazanıb ki, məhz bu amillərin də sayəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində bütün nüfuzlu və qlobal miqyasda əsas söz sahibi olan beynəlxalq təşkilatlar və digər təsisatlar Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul ediblər və bu amil Azərbaycan-Ermənistan münasibətlərinin, həmçinin regionun bu günü və gələcəyi ilə bağlı bütün strateji dəyərləndirmələrdə diqqəti cəlb edir.  Azərbaycanın dövlətinin 44 günlük müharibədə qazandığı qələbə sayəsində işğala son qoyulub və region Ermənistanın yaratdığı bataqlıqdan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub. Belə bir vəziyyət region ölkələrinin siyasi-iqtisadi maraqlarına tam cavab verir.  Lakin təəssüf ki, bu gün işğalçı Ermənistanın siyasi elitasının böyük əksəriyyəti bu məğlubiyyəti dərk etmir və anlamır ki, düşdüyü ağır böhrandan yeganə çıxış yolu revanşizmdən əl çəkməsi və bu vəziyyətlə barışmasıdır. Qədim yunan strateqlərindən Perikl deyirdi ki, “ya qalib gəlməyi öyrən, ya qaliblə birgə yaşamağı”. Azərbaycan dövlətinin irəli sürdüyü mütərəqqi təşəbbüsləri bu müdrik postulatı anlamayan Ermənistanın qəbul etməməsi, işğalçı dövlətin aqressiv mövqeyi, Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etmək naminə yeni siyasi-diplomatik iradə ortaya qoyması zərurəti doğururdu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin mühüm xüsusiyyəti “ realpolitik” in  və ya başqa təbirlə desək “siyasi realizmin ” başlıca prinsiplərinin böyük müvəffəqiyyətlə tətbiqinə əsaslanır. Ölkəmiz məhz bu diskurs nəticəsində ən antoqonist xarici siyasət izləyən dövlətlər arasında vacib aktor kimi çıxış edir və uzlaşmaçı yanaşma ilə ziddiyyətləri balanslaşdırır. Təsadüfü deyil ki, Azərbaycan hətta ən barışmaz mövqe tutan dövlətlərin rəqabət yox, əməkdaşlıq meydanına çevrilməkdədir. Bu amil ölkəmizin sadəcə nəqliyyat dəhlizi, logistik və energetik hab, karbohidrogen resusları mərkəzi kimi deyil, eyni zamanda regional siyasi güc mərkəzi olaraq da beynəlxalq münasibətlər sistemindəki  yüksələn nüfuzunu, artan yerini və rolunu müəyyənləşdirir. Bu baxımdan Azərbaycan – Avropa İttifaqı əlaqələrinin müasir ciddi inkişaf perspektivləri Ermənistanla danışıqlarda getdikcə əhəmiyyət qazanmağa başlayan Brüssel prosesində ölkəmizin uğurlu nəticələr əldə etməsini şərtləndirir.

Qeyd edək ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində iqtisadi-ticari əlaqələr də yüksələn xəttlə inkişaf edir və ölkələrimiz arasında idxal-ixrac əməliyyatları hər il sürətlə artır, investisiya imkanları genişləndirilir, iqtisadi əlaqələr şaxələndirilir. Azərbaycan dövləti son illərdə Avropanın əvəzedilməz enerji təminatçısına çevrilib. Bu gün Avropanın qaz və elektriklə təminatında Azərbaycanın çəkisi artıb və bu yöndə Avropa İttifaqı ölkələri gələcəkdə təchizatın artırılması üçün ölkəmizlə mütəmadi danışıqlar aparır. Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq siyasəti götürmüş və bu istiqamətdə mühüm addımlar atmaqdadır.

Məmnunluq hiss ilə qeyd etmək istərdik ki, Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı postmüharibə dövründə Azərbaycan və Ermənistan dövləti arasında sülhün imzalanmasına böyük səy  göstərmiş, bu məsələdə Azərbaycanın mövqeyini tanımışdır. Hələ 2021- ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşündə bu məsələ daha aydın şəkildə əks olunmuşdur. Brüsseldə keçirilən birinci görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilmiş və Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilmişdir. Avropa İttifaqı 10 noyabr, 11 yanvar və 26 noyabr Soçi bəyanatlarında qeyd edilən razılaşmaların yerinə yetirilməsi ilə bağlı öz mövqeyini ortaya qoymuş, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etmişdir. Həmçinin görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər müzakirə olunmuşdu.

Məlumdur ki, bu görüşün davamı olaraq 6 aprel tarixində cənab Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirib. Keçirilən görüş Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin yüksək səviyyədə və artan dinamika ilə inkişaf etdiyinin nümunəsidir. Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən görüş Ermənistan və Azərbaycan arasında münaqişə irsinin aradan qaldırılmasına təkan verməklə yanaşı müzakirə olunan məsələlər, qəbul edilən qərarlar İkinci Qarabağ müharibəsindəki qələbənin növbəti diplomatik nailiyyəti oldu. Artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, bu istiqamətdə işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü beş təklif (Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması) və bunun əsasında predmetli və substantiv danışıqların aparılması ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli qərardır. Görüş zamanı kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə edilmişdir. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etmişdi. Bu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Müharibə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü təkliflərdən biri də sərhədlərin dəqiqləşdirilməsi olmuşdur və sevindirici haldır ki, bu danışıqlar zamanı delimitasiya prosesinə başlaması barədə razılıq əldə olundu. Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında ermənilərin iddia etdiyi “Dağlıq Qarabağ” ifadəsinin yer almaması və ATƏT-in Minsk qrupuna istinadın olmaması mühüm faktdır. Avropa İttifaqının dəstəyi ilə artıq Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm- Brüssel prosesi formalaşıb və bu yeni diskurs Azərbaycanın milli maraqlarına tam cavab verir. Beləliklə, Brüsseldə keçirilən görüşün nəticələri bir daha təsdiqləyir ki, Avropa İttifaqı yeni geosiyasi reallığı qəbul edir və bu yöndə kifayət qədər maraqlıdır.

Artıq reallıq ondan ibarətdir ki, 30 ildən artıq bir müddətdə işğalçılıq siyasəti yürüdən Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Sonuncu Brüssel görüşünə istinadən bir daha əminliklə deyə bilərik ki, Azərbaycan düşmən qüvvələrin bütün ciddi-cəhdlərinə baxmayaraq İkinci Qarabağ müharibəsinin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb və ölkəmizin növbəti diplomatik uğurları üçün yeni zəmin hazırlayıb.