YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik Xalqın müdrik Liderinin Brüssel zəfəri!

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Günü-gündən beynəlxalq aləmdə artan nüfuza, diplomatik uğurlara, güclü iqtisadiyyata, qüdrətli orduya malik olan Azərbaycan, həm də dünyada sülhsevər, qonaqpərvər, tolerant bir ölkə kimi tanınır. Bu gün Azərbaycan BMT, AŞ, ATƏT, NATO, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hörmətlə qarşılanır, necə deyərlər etibarlı bir tərəfdaş kimi qəbul olunur. Məhz, bu və digər keyfiyyətlərə görə son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Möhtərəm Prezident İlham Əliyev cənablarının cari ilin 6 aprel tarixli Brüssel səfəri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurlarından birinin əyani sübutudur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə keçirilən Brüssel görüşündə əldə olunan nəticələr və uğurlar bir daha dövlət başçımızın dünyadakı hörmət və nüfuzundan, böyük siyasi təcrübəsindən xəbər verir.

İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən yeni Format – Brüssel sülh gündəliyinin əsası qoyuldu. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistan Azərbaycan tərəfindən irəli sürülən 5 prinsipdən ibarət sənədi qəbul etdi. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür ki, ədalətli sülhə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət edən bu mühüm qərarın icrası məqsədilə aprel ayının sonuna qədər işçi qruplarının yaradılması nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sərhəddə gərginliyin aradan qaldırılması, sərhədlərin delimitasiyası, Azərbaycandan Ermənistan vasitəsilə Naxcıvana dəmir yolu xətlərinin çəkilişi, qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarətinin yaradılması üçün müvafiq tədbirlər barədə razılığın əldə olunması heç də asan olmayan sülhə gedən yolun başlanğıcı kimi də qəbul olunur.

Dünyada mövcud ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqının ən əsas məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və onlar arasında dayanıqlı sülhə nail olunmasıdır. Çünki, bu gün heç bir bloka, heç bir ittifaqa qoşulmayan, özü müstəqil siyasət yürüdən Azərbaycan Avropanın həm də ən etibarlı neft-qaz ixracatçılarından biridir.

Sözü-imzası ilə bir olan Azərbaycandan fərqli olaraq, sabit siyasi kursu olmayan, gah NATO-ya, gah Rusiya tərəfə üz tutan, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda nəzərdə tutulan müddəaları yerinə yetirməkdən boyun qaçıran, hər vəchlə onu gecikdirən Ermənistan isə bu gün nəinki regionda, həmçinin beynəlxalq aləmdə qeyri-ciddi bir ölkə imici qazanmışdır. Brüssel görüşü ərəfəsində də erməni xisləti, erməni məkri bir daha özünü büruzə verdi. Belə ki, ermənilər görüş öncəsi sərhəddə yeni silahlı təxribatlar törətməyə cəhd etdilər, lakin Azərbaycan Ordusu yenə öz gücünü göstərdi, hərbi əməliyyatlar keçirərək Fərrux kəndini və ətraf yüksəklikləri ələ keçirdi. Bununla da Azərbaycan bir daha sübut etdi ki, “Dəmir Yumruq” həmişə, hər an düşmənin başı üzərindədir. Mənfur qonşuların isə ancaq bir yolu qalıb, üzərinə götürdüyü öhdəlikləri qısa bir vaxtda qeyd-şərtsiz olaraq yerinə yetirmək.

DİGƏR Xəbərlər Arxiv