YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Aqiyə Naxçıvanlı Oğuzda Şəhid ailələri ilə görüşlərini davam etdirir

Oğuz rayonunda şəhid ailələri ilə görüşlərini davam etdirən deputat Aqiyə Naxçıvanlı Oğuzun Xalxal kəndində olub. O kənddə ki, Vətən Müharibəsi şəhidi İsmayilov Vüsal Nəbi oğlunun məzarı yerləşir.  Qapidan girər-girməz həyətdə 3 uşağın evə qaçdığını gördük. Onlar Vüsalın əmanətləri idi. Vüsalın valideynlərinin isə üzündə nur, gözlərində həsrət uzaqdan sezilirdi. İsmayilov Vüsal Nəbi oğlu 9 aprel 1980-ci ildə Oğuzun Xalxal kəndində anadan olub. 2002-ci ildən hərbçi kimi Piyadaların Döyüş Maşınında maşın komandiri olaraq xidmət göstərən Vüsal 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunmasında böyük şücaət göstərmişdi. Vətən müharibəsi başlanan gündən Füzuli və Cəbrayılın azad olunmasında igidliklə iştirak etmişdi. 2020-ci ilin oktyabr ayında Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Vüsal haqqında qürurla söhbət açan anası Məlahət xanım oğlunun lap kiçik yaşlarından hərb sənətinə marağı olduğunu, elə böyüyüncə də xəyallarının ardınca getdiyindən danışdı: “20 ildə biz onu əməlli başlı evimizdə görə bilmədik. Artıq ondan ötrü evimizə yüzlərlə insan gəlir, haqqında xoş sözlər, xatirələr söyləyir, bizim evə gətirə bilmədiyimiz Vüsalı hər gün evimizə gətirirlər...”. Atası Nəbi kişi də dövlətimizdən çox razı olduğunu, bugün onun qapısını açaraq problem və qayğıları ilə maraqlandığı üçün deputat Aqiyə Naxçıvanlıya dərin minnətdarlığını bildirdi. Şəhid atası söhbət əsnasında bir neçə kiçik xahişini də deputata çatdırıb. Aqiyə Naxçıvanlı isə Nəbi kişinin xahişlərinin qısa müddətdə yerinə yetiriləcəyinə söz verib.  

Növbəti görüş Oğuz rayon Baş Daşağıl kəndinin Maluq yaşayış məntəqəsinə idi. Kənd mərkəzindən 28 km aralıda yerləşən bu yaşayış məntəqəsi “Azərbaycan bayrağı” ordenli şəhid Fezullayev Beyrək Seyfullah oğlunun doğulduğu məkandır.

Beyrək Fezullayev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə igidliklə savaşaraq adı kimi dastan yazıb. Şəhid olmamışdan 2 gün əvvəl Beyrək tək başına NSV pulemyotu ilə düşmənin PDM texnikasını içindəki şəxsi heyətlə birgə partladıb və 30-a yaxın ermənini məhv edib. 2020-ci ilin oktyabr ayında Füzuli rayonunun kəndlərindən birində düşmənlə 10 metr məsafədə üzbəüz döyüşdə olub, döyüşçü yoldaşları ilə 49 ermənini məhv ediblər. Bu döyüşdə onu 3 metr məsafədən 4-5 güllə ilə vuran ermənini şəxsən özü öldürərək yaralı vəziyyətdə son damla qanına qədər 1 saata yaxın döyüşüb.

Deputatı şəhidin atası Seyfulla dayı, anası Nəsibə xanım və qardaşı Mahmud qarşılayıb.  Şəhid atası kənd həyatından, necə zəhmətlə dörd oğul böyütməyindən, dolanışıqlarından danışıb. O, lazım gələrsə, özünün və daha üç oğlunun da vətən yolunda canından keçməyə hazır olduğunu fəxrlə vurğulayıb. Sonra yan tərəfdə şəhid Beyrəyin xatirələri ilə dolu kiçik bir otağa baş çəkilib. Burada Beyrəyin şəxsi əşyaları, hərbi geyimləri, fotoları, təlfifləri, fəxri fərmanları və medalları vardı. “Vətən uğrunda”, “Cəbraylın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Azərbaycan bayrağı” ordeni... Aqiyə Naxçıvanlı döyüşləri məhz Beyrək kimi oğulların hesabına qazandığımızı, onlarla fəxr etdiyimizi, nə qədər ki, Azərbaycan var onların da qəlbimizdə yaşayacağını bildirib.

Deputat Aqiyə Naxçıvanlı Oğuzun Muxas kəndinə gedərək şəhid Feyzullayev Zahir Eyvaz oğlunun da ailəsinə baş çəkib. Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olmuş, 2011-ci il-də hərbi xidmətə çağırılmış, xidmətini bitirdikdən sonra Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olunmuşdur. Təlimlərdə göstərdiyi qəhrəmanlıqlara görə ona vaxtından əvvəl leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə savaşmışdır. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə etmiş, həmçinin düşmən ordusunun çoxlu sayda canlı qüvvəsinin məhv edilməsində fərqlənmişdir. O, döyüş yoldaşının qisasını almaq məqsədi ilə onun torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirmişdir. Zahir Feyzullayev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Tuğ kəndi istiqamətində şəhid olmuşdur.

Aqiyə Naxçıvanlı Zahirgilə çatanda evdə şəhidin ata və anası vardı. Sükut içində oğullarının divardakı şəkillərinə baxıb xəyallara dalmış şəhid valideynləri gəlişi ilə sükutu pozan deputat Aqiyə Naxçıvanlını görcək çox sevindilər. Onu evə dəvət etdilər. Şəhidin atası Eyvaz kişi oğlunun necə mərd, vətən sevgisi ilə dolu bir övlad olmasından qürurla danışıb: “Əgər oğlum yenə məzardan qalxıb gəlsə idi onu təkrar hərb sənətinə göndərərdim. O, bu işi ürəkdən sevirdi, bu iş üçün yaranmışdı. Təlimlər, məşqlər onu elə yetişdirmişdi ki, hündürboy, enlikürək idmançı bədəni evimizin qapısından güclə içəri keçirdi”. Şəhidin anası Ruhanə xanım isə Zahirin adı gələndə göz yaşlarını saxlaya bilmədi. Oğlunun ailəsinə necə bağlı olduğunu, hər təlimdən, məşqdən çıxan kimi zəng edib anası ilə danışmağını, evə gələndə anasına əziyyət verməmək üçün bütün işlərə yardım etdiyini söylədi. Zahiri yad etmək üçün Türkiyədən, Naxçıvandan, ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə hərbçi yoldaşlarının gəldiyini, həmin insanların onun ailəsi ilə əlaqə saxladıqlarından ürəkdolusu danışdı. Şəhidin valideynləri onlara nəinki Oğuzda, Azərbaycanın hər yerində xüsusi diqqət və qayğı ilə yanaşıldığını, ölkə başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinin sosial problemləri ilə bilavasitə yaxından maraqlanmasını, həlli üçün konkret tapşırıqlar verməsini xüsusilə qeyd etdi. Onların tək arzularının isə oğullarının şəhid olduğu Xocavənd rayonuna gedərək orada Zahirin adına xatirə lövhəsi yaratmaq olduğunu söylədilər. Deputat Aqiyə Naxçıvanlı ölkəmizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etməsindən, 30 il işğal altında olan Vətən torpaqlarının erməni faşistlərindən qısa müddətdə birdəfəlik azad olunmasından, zəfərlə sona çatan Vətən müharibəsində Oğuzun qəhrəman oğullarının da rəşadətlə vuruşmasından, respublika rəhbərliyinin isə bunu yüksək qiymətləndirməsindən ətraflı danışdı.

Daha sonra Aqiyə Naxçıvanlı şəhid Zahir Feyzullayevin xatirəsinə ucaldılmış bulaq kompleksini də ziyarət edib.

DİGƏR Xəbərlər Arxiv