YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəyliyin təntənəsi

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü fərqli şəkildə, daha yüksək əhvali-ruhiyyə, ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu əlamətdar bayramın özündə daşıdığı milli həmrəylik anlayışı İkinci Qarabağ savaşında möhtəşəm zəfərimizi şərtləndirdi, xalqımızı bir yumruq kimi birləşdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdirdi və uzun illər ürəklərdə kök salan yurd nisgilinə son qoydu, doğma ocaqlarından 30 il ərzində didərgin salınan məcburi köçkünləri Vətən istəyinə qovuşdurdu. Yeri gəlmişkən, Azərbaycanda, eləcə də respublikamızdan kənarda yaşayan soydaşlarımız arasında milli həmrəyliyin, təəssübkeşliyin möhkəmlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişi ərəfəsində ölkəmizdə acınacaqlı şərait hökm sürürdü. Bu dövrdə Azərbaycan respublikada yaşanan xaos, qarışıqlıq nəticəsində vətəndaş qarşıdurması ilə üzləşmişdi. Cəmiyyətdə qütbləşmə dəhşətli dərəcədə dərinləşmiş və separatizm meyilləri baş qaldırmışdı. Ermənistanın qəsbkarlığına qarşı aparılan müharibədə ön xətt mövqelərimiz demək olar ki, müdafiəsiz qalmışdı. Milli maraq və mənafelər ətrafında həmrəyliyin arxa plana keçirilməsi, unudulması onsuz da hələ kövrək olan müstəqilliyimiz üçün böyük təhlükə yaratmışdı, qarşıdurmanı kəskinləşdirmişdi. Lakin Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəlişi bu ciddi narahatlıq doğuran şəraiti aradan qaldırdı, Azərbaycanda davamlı sabitliyin və iqtisadi tərəqqinin əsası qoyuldu, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi.

Bu fikirləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O daha sonra bildirib: “Dahi öndərimizin rəhbərlik etdiyi müstəqil Azərbaycan ayrı-ayrı ölkələrdə məskunlaşan soydaşlarımızın milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildi. Ümummilli lider Heydər Əliyev təkcə respublikamızda deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında milli həmrəyliyin yaranmasını, möhkəmlənməsini qarşıya prioritet vəzifə kimi qoydu və qısa müddətdə bu önəmli məqsədə nail oldu.

Onu da qeyd edim ki, dahi şəxsiyyət bu zəruri, taleyüklü məsələnin gerçəkləşməsinə hələ Naxçıvanda olarkən başlamışdı. Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi bunun bariz ifadəsi idi”.

Emin Bağırov vurğulayıb ki, bu qərar Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsində, ayrı-ayrı qütblərdə dayanan, müxtəlif mövqelər sərgiləyən və beləliklə, vətəndaş savaşının iştirakçısına çevrilə biləcək qüvvələrin birləşməsində önəmli rol oynadı. Birlik və həmrəylik yolunda atılan bu ilk uğurlu addım indiyədək xalqımızın bir yumruq kimi birləşməsində, bir amal uğrunda fəaliyyət göstərməsində öz təsir gücünü qoruyub saxlayıb.

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarda möhkəm yer tutmasına yönələn müdrik siyasəti ötən 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu, Vətən müharibəsində işğalçı üzərində möhtəşəm zəfərimizin gerçəkləşməsində əvəzsiz rol oynadı. Dövlətimizin başçısı savaşdan sonra çıxışlarının birində bu barədə dedi: “Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü, müstəqilliyimizi göstərdik. Bu müharibədə biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Amma haqq yolundan dönmədik, daim irəliyə getdik, qələbəyə doğru inamla addımladıq. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

Emin Bağırov sonda əlavə edib ki, İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız da tarixdə görünməmiş vətənpərvərlik nümayiş etdirdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müqəddəs Vətən savaşı zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə oldu.

DİGƏR Xəbərlər Arxiv